Gürcüstanın Baş nazirinin müavini P-TEC-in 7-ci nazirlər toplantısında iştirak edib


Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Varşavada keçirilən Transatlantik Enerji Əməkdaşlığı Tərəfdaşlığının nazirlər toplantısında Gürcüstanın enerji təhlükəsizliyi və tranzit imkanları barədə danışıb.
Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
Mariam Kvrivişvili ABŞ-nin energetika naziri Kris Rayt və Polşanın energetika naziri Miloş Motikanın dəvəti ilə noyabrın 19-da Transatlantik Enerji Əməkdaşlığı Tərəfdaşlığının (P-TEC) 7-ci nazirlər toplantısında iştirak edib. Tədbir Polşanın paytaxtı Varşavada keçirilib.
Nazirliyin məlumatına görə, toplantı çərçivəsində Mariam Kvrivişvili digər ölkələrin hökumət rəhbərləri ilə birlikdə yüksək səviyyəli görüşə qatılıb və iştirakçılar qarşısında çıxış edib.
Baş nazirin müavini Gürcüstanın enerji prioritetlərinə, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi və enerji resurslarının şaxələndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətinə diqqət çəkib.
“Gürcüstan Avropa, Asiya və Yaxın Şərqi birləşdirən, ticarət, energetika və geosiyasətin kəsişdiyi strateji mövqedə yerləşir. Əsrlər boyu bu region xalqlar arasında əlaqələndirici körpü rolunu oynayıb. Bu gün isə enerji təhlükəsizliyinin təmin edilməsi, təchizat marşrutlarının şaxələndirilməsi və regional əlaqələrin gücləndirilməsi prosesində artan rolu sayəsində onun strateji əhəmiyyəti daha da yüksəlir”, - deyə Baş nazirin müavini bildirib.
Mariam Kvrivişvilinin sözlərinə görə, Gürcüstan Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarını Avropa və beynəlxalq bazarlarla birləşdirən etibarlı tranzit dəhlizi kimi Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində aparıcı rol oynayır.
“Cənubi Qafqaz qaz kəməri (SCP) və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri kimi strateji infrastruktur layihələri Gürcüstanın enerji təchizatının şaxələndirilməsinə, asılılığın azaldılmasına və Avropanın enerji dayanıqlığının artırılmasına verdiyi mühüm töhfəni təsdiqləyir.
Cənubi Qafqaz qaz kəməri vasitəsilə Gürcüstan Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan təbii qazının Türkiyə və Avropa bazarlarına nəqlinə töhfə verir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri vasitəsilə isə Gürcüstan Xəzər regionunu beynəlxalq bazarlarla birləşdirən Xəzər xam neftinin əsas tranzit marşrutlarından biri kimi çıxış edir”, - deyə Mariam Kvrivişvili qeyd edib.
Alpər Mövludoğlu Ordu.az
1 mənbə