Gürcüstan və Azərbaycan birgə sərhəd-keçid məntəqəsi yaradacaq – Nazir müavini


Gürcüstan və Azərbaycan Orta Dəhlizin ötürücülük qabiliyyətini artırmaq məqsədilə birgə sərhəd-keçid məntəqəsi yaratmağı planlaşdırır.
Tiraj.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat nazirinin müavini Gennadi Arveladze bildirib.
Onun sözlərinə görə, Orta Dəhliz müasir dövrün ən böyük tranzit marşrutlarından biridir və Azərbaycanla Gürcüstan bu marşrutun əsas iştirakçılarıdır.
“Azərbaycanla birlikdə yeni layihə – birgə sərhəd-keçid məntəqəsi yaratmağı planlaşdırırıq. Bu, həmçinin həmin dəhliz vasitəsilə yüklərin daşınmasını asanlaşdıracaq və çatdırılma müddətini qısaldacaq. Ümid edirəm ki, bu ölkələrlə birgə səylərimiz nəticəsində daha çox yükü daha səmərəli, daha qısa müddətdə və daha rəqabətqabiliyyətli şərtlərlə daşıya biləcəyik”, – Arveladze bildirib.
Nazir müavini, həmçinin Qazaxıstan, Azərbaycan, Gürcüstan və Çin nümayəndələrinin iştirakı ilə dörd ölkənin maraqlarına xidmət edəcək birgə şirkətin yaradıldığını qeyd edib.
“Biz Qazaxıstan, Azərbaycan, Gürcüstan və daha sonra Çinin də qoşulduğu “Orta Dəhliz: Çoxprofilli Birgə Müəssisə” adlı şirkət yaratmışıq. Bu şirkət vahid tarifin və vahid sənəd sisteminin tətbiqi, eləcə də yeni yük axınlarının cəlb edilməsi ilə məşğul olacaq”, – o vurğulayıb.
Ziya
1 mənbə
