Gündə 6 ədəd yesəniz, orqanizminizdə nə baş verəcək?


Qaysı qurusu lif, kalium və karotinoidlərlə zəngin olsa da, tərkibində təbii şəkər və kalorinin yüksək olması səbəbindən onu həddindən artıq yemək məsləhət görülmür.
News24.az xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Natalya Çadina açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, qaysı qurusu bağırsaqların fəaliyyətini yaxşılaşdırır, həzmi dəstəkləyir və toxluq hissini uzadır. Lakin çox miqdarda istehlak edildikdə köp, qarında narahatlıq və ishala səbəb ola bilər.
Qaysı qurusunun əsas üstünlüklərindən biri yüksək kalium tərkibidir. Bu mineral ürəyin ritminin, əzələlərin və sinir sisteminin normal fəaliyyətində, eləcə də qan təzyiqinin tənzimlənməsində mühüm rol oynayır.
Məhsulda olan karotinoidlər isə orqanizmdə A vitamininə çevrilərək görmə qabiliyyətini, dərini və selikli qişaları dəstəkləyir.
Bununla belə, qaysı qurusunun immuniteti sürətlə gücləndirməsi və orqanizmi cavanlaşdırması barədə iddialar şişirdilmişdir.
Həkim qeyd edib ki, qaysı qurusunda dəmir olsa da, onun miqdarı azdır və orqanizm tərəfindən ətdəki dəmir qədər yaxşı mənimsənilmir. Buna görə də dəmir çatışmazlığı anemiyasını yalnız qaysı qurusu ilə müalicə etmək mümkün deyil.
Mütəxəssis sağlam yetkinlərə gündə təxminən 30–40 qram, yəni ölçüsündən asılı olaraq 4–6 ədəd qaysı qurusu yeməyi tövsiyə edib. Onu sıyığa, kəsmiyə və ya təbii yoqurta əlavə etmək olar.
Çadina qaysı qurusunu yeməzdən əvvəl yumağı, əlavə şəkərsiz və kif əlamətləri olmayan məhsullara üstünlük verməyi məsləhət görüb.
