Gülən üzlərin arxasında gizlənən bədbəxtlik – Cəmiyyət hara gedir?


Bu gün küçədə, işdə, ictimai nəqliyyatda, hətta sosial şəbəkələrdə insanların üzündə təbəssüm görmək mümkündür. Fotolarda xoşbəxt ailələr, uğurlu insanlar, əyləncəli məclislər, bahalı istirahətlər və qayğısız həyat görüntüləri ilə tez-tez qarşılaşırıq. İlk baxışdan hər kəsin həyatı qaydasında, hamı xoşbəxt və məmnun görünür. Ancaq bu mənzərənin arxasında çox vaxt görünməyən başqa bir reallıq dayanır: daxili narahatlıq, tənhalıq, psixoloji yorğunluq, ailə problemləri və heç kimlə bölüşülməyən ağrılar.
Bəzən cəmiyyəti düşündürən bir sual yaranır: İnsanlar niyə xoşbəxt olmadıqları halda xoşbəxt görünməyə çalışırlar? Niyə dərdlərimizi gizlədir, problemlərimizi öz daxilimizdə yaşayırıq? Görəsən, biz həqiqətən xoşbəxtliyə doğru gedirik, yoxsa sadəcə xoşbəxt görünməyi öyrənmişik? Göz yaşlarımızı, ağrı-acımızı niyə gizlədirik? Xoşbəxtliyimizi özümüz üçün, yoxsa ətrafımızdakı insanların gözündə yaxşı görünmək üçün yaşayırıq?
Bəlkə də, bir çoxumuzun həyatında bu cür söhbətlərin şahidi olmuşuq:
"Aynur, Əli bəxtəvərdir. Bax, gör, bir dəfə nədənsə şikayətlənib? Həmişə gülür, həmişə xoşbəxtdir".
Bəs həmin insanların qapalı qapılar arxasında nələr yaşadığını bilirikmi? Bəlkə də, hər gün gülümsəyən həmin insan gecələr göz yaşlarını heç kimə göstərmədən silir. Sadəcə zəif görünməmək, kiminsə onun ağrılı nöqtəsinə toxunmaması və ya dərdinin başqaları tərəfindən müzakirə olunmaması üçün susmağa üstünlük verir.
Görünür, bəzən insanları xoşbəxt olmağa deyil, xoşbəxt görünməyə daha çox məcbur edən məhz cəmiyyətin münasibətidir. Kimsə dərdini danışanda təsəlli vermək əvəzinə onu qınayır, başqasının həyatını müzakirə edir, hətta yaşadığı çətinliyi onun öz səhvi kimi təqdim edir. Belə bir mühitdə insan dərdini bölüşməkdənsə, üzünə təbəssüm taxmağı seçir.
Sosial şəbəkələrdəki xoşbəxtlik nə dərəcədə realdır?
Facebook, Instagram və digər sosial platformalarda xoşbəxt ailələrin, sevgi dolu münasibətlərin, bahalı hədiyyələrin və romantik anların nümayiş etdirilməsi artıq adi hala çevrilib. Lakin sosial şəbəkələrdə gördüyümüz həyatın nə qədəri həqiqətdir?
Bir-birinə sevgi etirafları edən, hər paylaşımında xoşbəxt ailə tablosu yaradan cütlüklərin bir qismi niyə sonradan boşanma qərarı verir? Hər kəsin qarşısında ideal görünən münasibətlər niyə qapalı qapılar arxasında dağılır?
Əlbəttə, sosial şəbəkədə xoşbəxt anları paylaşmaq özlüyündə problem deyil. İnsanların gözəl xatirələrini bölüşmək, sevincini başqaları ilə paylaşmaq hüququ var. Ancaq problem bu görüntülərin həyatın bütöv reallığı kimi qəbul edilməsindədir. Çünki bir fotoşəkil ailədəki münasibətlərin keyfiyyətini, tərəflərin bir-birinə münasibətini və ya insanın daxili dünyasını göstərə bilməz.
Bəs xoşbəxtlik axtaran insanların hekayələri?
Sosial şəbəkələrdə müxtəlif mövzular üzrə yaradılmış qadın, ailə və hüquq qruplarına nəzər saldıqda tamam fərqli mənzərə ilə qarşılaşırıq. Xüsusilə "Xoşbəxt qadınlar" kimi qruplarda və hüquqi məsləhət platformalarında ailə münaqişələri, xəyanət, boşanma, aliment, məişət zorakılığı, maddi asılılıq və münasibətlərdə yaşanan problemlərlə bağlı çoxsaylı müraciətlərə rast gəlmək mümkündür.
Bir tərəfdə xoşbəxt ailə görüntüləri, digər tərəfdə isə çıxış yolu axtaran insanların hekayələri...
Bu ziddiyyət bizi bir daha düşündürür: Görəsən, cəmiyyət olaraq bir-birimizi nə qədər dinləyir, nə qədər anlayırıq? İnsanlar niyə yaşadıqları problemləri vaxtında bölüşə bilmir? Niyə bəzən ən yaxınlarımız belə daxilimizdə baş verənlərdən xəbərsiz qalır?
Cəmiyyət hara gedir?
Məsələnin digər tərəfi isə insanların bir-birinin həyatına həddindən artıq müdaxilə etməsi, başqalarının uğurunu öz uğursuzluğu ilə müqayisə etməsi və zahiri görüntülərə əsasən mühakimə yürütməsidir. Belə olduqda insan öz həyatını yaşamaq əvəzinə başqalarının gözündə necə görünəcəyini düşünməyə başlayır.
Bəlkə də, bu gün cəmiyyətin ən böyük ehtiyaclarından biri səmimiyyətdir. İnsanların gülməyə məcbur olmadığı, dərdini danışdığı üçün qınanmadığı, zəifliyini etiraf etdikdə dəyərdən düşmədiyi bir mühit...
Axı hər kəsin həyatında çətin günlər, uğursuzluqlar və göz yaşları ola bilər. Xoşbəxtlik daim gülümsəmək, bahalı həyat yaşamaq və ya başqalarına hər şeyin qaydasında olduğunu sübut etmək deyil.
Bəzən insanın ən böyük xoşbəxtliyi özünü olduğu kimi ifadə edə bilməsi, dərdini bölüşəcək birinin olması və heç kimə nəyisə sübut etmək məcburiyyətində qalmamasıdır.
Bəs biz nə vaxt başqalarının üzündəki təbəssümə deyil, gözlərindəki yorğunluğa da diqqət yetirməyi öyrənəcəyik?
