Güclü külək bu avtomobillər üçün daha təhlükəlidir: Sürücülərə XƏBƏRDARLIQ


CƏMİYYƏT SON DƏQİQƏ
18 noyabr 2026 15:55 328 baxış
Küləkli hava şəraiti yalnız piyadalar üçün deyil, sürücülər üçün də müəyyən risklər yaradır. Güclü yan külək xüsusilə yüksək sürətlə hərəkət edən avtomobillərin idarə edilməsinə təsir göstərə, nəqliyyat vasitəsinin istiqamətini dəyişə bilər. Bundan başqa, ağacların aşması, reklam lövhələrinin qopması və müxtəlif əşyaların yola düşməsi qəza ehtimalını artırır. Güclü külək avtomobilin idarəetmə sisteminə və hərəkət sabitliyinə necə təsir edir?
Nəqliyyat eksperti Raqif Raufoğlu bu barədə Ekologiya.az-a açıqlama verib.
O deyib ki, küləkli hava şəraiti əsasən yolsuzluq avtomobillərinə (off-road), krossoverlərə və yük avtomobillərinə daha çox təsir göstərir:
“Ümumiyyətlə, avtomobilləri sedanlar, krossoverlər və yolsuzluq avtomobilləri olmaqla üç qrupa bölmək olar. Hər bir sürücü idarə etdiyi avtomobilin xüsusiyyətlərini və təyinatını bilməlidir. Yolsuzluq avtomobillərində aerodinamik göstəricilər digər avtomobillərlə müqayisədə daha zəif olur. Çünki bu nəqliyyat vasitələri əsasən çətin yol şəraiti üçün nəzərdə tutulur. Lakin həmin avtomobillərdən şəhər yollarında və magistrallarda da geniş istifadə edilir. Məsələn, Toyota Prado, Mercedes-Benz G-Class və G-Wagon modelləri hündür kuzova və nisbətən zəif aerodinamik göstəricilərə malikdir. Buna görə də güclü külək zamanı bu avtomobillərin idarə olunması daha çətinləşə bilər”.
O qeyd edib ki, küləyin təsirinə ən çox məruz qalan nəqliyyat vasitələri arasında yük avtomobilləri də var:
“Bəzi sürücülər bu avtomobilləri idarə edərkən onların ölçülərini və küləyə qarşı həssaslığını nəzərə almırlar. Bu isə qəza riskini artırır. Sürücünün təcrübəsi də mühüm amildir. Bəzi ərazilərdə külək qəfil və güclü əsir. Belə hallarda sürücü avtomobilin idarəetməsini itirə bilər. Xüsusilə Heydər Əliyev prospektinin şəhərdən kənara çıxan hissəsində, küləyin qarşısını kəsən maneələrin olmadığı açıq ərazilərdə və Ələt yolunda bu cür hadisələrə daha çox rast gəlinir. Bununla yanaşı, avtomobilin texniki vəziyyəti də diqqətdə saxlanılmalıdır. Təkərlər saz vəziyyətdə olmalı, amortizatorlarda problem olmamalıdır. Amortizatorların nasazlığı avtomobilin, xüsusilə arxa hissəsinin hərəkət zamanı yırğalanmasına səbəb olur. Bu hal güclü külək zamanı idarəetməni daha da çətinləşdirir və qəza riskini artırır. Ona görə də sürücülər avtomobillərinin texniki xüsusiyyətlərini nəzərə almalı, onların vəziyyətini mütəmadi yoxlamalı və küləkli havada daha diqqətli olmalıdırlar”.
Aysel Muxtar
1 mənbə