“Goldman Sachs” deyir ki, qızılın yenidən tarixi maksimuma çatması iki il çəkəcək


ABŞ-nin investisiya bankı “Goldman Sachs” qızılın qiymətinin yaxın müddətdə təzyiq altında qalacağını, tarixi maksimumunu isə yalnız 2028-ci ildə yeniləyə biləcəyini proqnozlaşdırır.
Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” bankın analitiklərinin noyabrın 16-da yayımladığı hesabata istinadən məlumat verib.
“Goldman Sachs” qızılın bir unsiyasının 2027-ci ilin sonunda 4 650 dollara, 2028-ci ilin sonunda isə 5 600 dollara yüksələcəyini gözləyir.
Bankın Lina Tomasın rəhbərlik etdiyi analitikləri hesab edirlər ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sərt pul siyasəti yaxın aylarda qızılın qiymətində əlavə ucuzlaşmaya və yüksək dəyişkənliyə səbəb ola bilər.
Yüksək faiz dərəcələri gəlir gətirməyən aktiv olan qızılın investisiya cəlbediciliyini azaldır. Bununla belə, mərkəzi bankların davamlı alışları qiymətlərə dəstək verə bilər.
“Goldman Sachs” 2026–2028-ci illərdə mərkəzi bankların ayda orta hesabla 60 ton qızıl alacağını proqnozlaşdırır. Müqayisə üçün, 2022-ci ildən əvvəl bu göstərici təxminən 17 ton idi.
Bankın əsas ssenarisinə görə, FED 2027-ci ilin noyabrından 2028-ci ilin sentyabrınadək faiz dərəcələrini dörd dəfə, hər dəfə 25 baza bəndi azaldacaq.
Bu addımların Qərb investorlarının qızıl əsaslı birja fondlarına (ETF) marağını bərpa edəcəyi və qiymət artımını sürətləndirəcəyi gözlənilir.
Xatırladaq ki, qızıl 2026-cı ilin yanvarında bir unsiya üçün təxminən 5 600 dollarlıq tarixi maksimuma çatmışdı. Sonrakı aylarda FED-in faiz siyasəti və dolların möhkəmlənməsi fonunda qiymətli metal əhəmiyyətli dərəcədə ucuzlaşıb.
Bankın qiymətləndirməsinə görə, FED gözləniləndən daha sərt siyasət yürüdərsə, qızılın 2027-ci ilin sonundakı qiyməti 4 585 dollarla məhdudlaşa bilər.
1 mənbə