Göldən 3300 illik qılınc tapıldı


İtaliyada arxeoloqlar gölün dibindən təxminən 3300 il əvvələ aid tunc qılınc aşkar ediblər.
Xitab24.az xarici mediaya istinadən xəbər verir ki, nadir tapıntı ölkənin mərkəzində, Latsio bölgəsində yerləşən Mezzano gölündə aşkarlanıb.
Maraqlısı budur ki, minilliklər ərzində suyun altında qalan silahın tiyəsi hələ də iti vəziyyətdədir.
Arxeoloqlar sualtı tədqiqatlar zamanı gölün dibində yerləşən Tunc dövrünə aid qədim yaşayış məskənini araşdırarkən qılınca rast gəliblər. Silahın eramızdan əvvəl XIII əsrə aid olduğu müəyyənləşdirilib.
Bu, Mezzano gölündə 1970-ci illərdən bəri aşkarlanan üçüncü tunc qılıncdır.
Araşdırmalar zamanı qılıncla yanaşı, baltalar, ox ucluqları, xəncərlər, nizə ucluqları, bəzək sancaqları və ülgüc də tapılıb.
Arxeoloqlar hesab edirlər ki, bu əşyalar təsadüfən gölə düşməyib. Onların qədim dövrdə dini və ya mərasim məqsədilə suya atılmış olması ehtimal edilir.
Xüsusilə qılıncın tunc ülgüclə yaxın məsafədə tapılması diqqət çəkib. Mütəxəssislər bu əşyaların yüksək sosial statusa malik şəxsə, ehtimal ki, döyüşçü elitasının nümayəndəsinə aid ola biləcəyini düşünürlər.
