Giya Sverdlovskinin Azərbaycan izi

3 dəq oxu
Xəbər
Azərbaycanlı iş adamının 6 kiloqram qızılının müəmmalı şəkildə yoxa çıxması, təxminən 50 milyon rublluq zərər və kriminal aləmdə nüfuz sahiblərinin müdaxiləsi... Rusiyanın Ural bölgəsində ən nüfuzlu “qanuni oğru”lardan biri sayılan Giya Sverdlovskinin adı bir neçə il əvvəl Azərbaycanla bağlı qalmaqallı hadisədə də hallanıb. İndi isə “Ded Xasan”ın qohumu və onun kriminal klanının yetirməsi kimi tanınan Georgi Akoev cinayətkar iyerarxiyada ən yüksək mövqe tutmaqda təqsirli bilinərək 8 il müddətinə xüsusi rejimli koloniyaya göndərilib.
Musavat.com bildirir ki, Sverdlovsk vilayət məhkəməsi kriminal aləmdə Giya Sverdlovski kimi tanınan Georgi Akoyevə 8 il azadlıqdan məhrumetmə cəzası verib.
O, həmçinin 1,5 milyon rubl cərimələnib. Dövlət ittihamçısı onun 13 il müddətinə həbsini tələb edirdi.
Giya Sverdlovskinin Azərbaycanla əlaqəsi barədə ən çox diqqət çəkən hadisə 2021-ci ilin iyulunda Yekaterinburqda baş verib. URA.RU nəşrinin kriminal dairələrdəki mənbəsinə istinadən yaydığı məlumata görə, Akoyevin adamları Azərbaycan vətəndaşına 6 kiloqram qızılın alınması və sonradan daha baha qiymətə satılması təklifini veriblər. Lakin sövdələşmənin sonunda azərbaycanlı iş adamının həm qızılı, həm də pulu əlindən çıxıb. Onun zərərinin təxminən 50 milyon rubl olduğu bildirilirdi. Məlumatda zərərçəkənin kriminal aləmdəki digər nüfuz sahiblərindən kömək istədiyi də qeyd olunurdu.
Giyanın adı daha bir kriminal qarşıdurmada azərbaycanlı kimi təqdim olunan Karoğlu Məmmədov – Karo ilə birlikdə hallanır. 2000-ci illərin əvvəllərində Karo və Andrey Trofimovun – Trofanın adamları Akoevlər ailəsinə məxsus hotelə borc məsələsi ilə bağlı gəliblər. Baş verən qarşıdurmada Giyanın bıçaqlandığı bildirilir. Lakin Karoglu Məmmədovun etnik mənsubiyyətini təsdiqləyən etibarlı məlumat yoxdur. 1973-cü ildə Tiflisdə anadan olan Georgi Akoev kriminal aləmdəki yüksəlişinə görə Aslan Usoyan – “Ded Xasan”ın ailə-klan çevrəsi ilə əlaqələndirilir. Onun atası Şalva Akoev “Ded Xasan”ın qohumu olub, Georgi isə Usoyanın qohumluq əlaqələri olan ailədə böyüyüb.
2000-ci illərin əvvəllərində Uralda “Ded Xasan”ın tərəfdarları ilə yerli kriminal qruplar arasında nüfuz mübarizəsi güclənib. “Ded Xasan” 2004-cü ildə Uralda nəzarəti gücləndirmək məqsədilə öz qohumu Timur Mirzoyevi – Timur Sverdlovskini bölgəyə göndərib. Sonuncu Giyanın kriminal karyerasında mühüm rol oynayıb.
İstintaqın versiyasına görə, Georgi Akoev 2008-ci ilin noyabrında, quldurluğun təşkilinə görə 11 illik həbs cəzası çəkdiyi vaxt “qanuni oğru” statusu alıb. Bu statusun ona Timur Mirzoyevin himayəsi ilə verildiyi bildirilir.
Məhkəmənin müəyyən etdiyi hallara əsasən, Giya Sverdlovski uzun illər Ural bölgəsinin kriminal həyatında mühüm mövqeyə malik olub. O, cinayətkar aləmin nümayəndələri arasında mübahisələri həll edir, kriminal statusların verilməsi, yüksəldilməsi və aşağı salınması barədə qərarlar qəbul edir, ümumi kriminal fondun – “obşak”ın doldurulmasına və idarə edilməsinə nəzarət edirdi. İstintaq materiallarında onun həbsxana subkulturasını təbliğ etdiyi, kriminal dairələrə göstərişlər göndərdiyi və məhbuslar arasında nüfuzunu qoruduğu bildirilir.
Bu xəbəri 2 mənbə yazıb
Dərc vaxtına görə


