Gənclər evlənə bilmir, əhali artımı azalır: Mənzil problemi DEMOQRAFİK TƏHLÜKƏYƏ çevrilir


CƏMİYYƏT SON DƏQİQƏ
19 noyabr 2026 13:20 80 baxış
Bakıda mənzil kirayəsi gənclərin aylıq xərclərində əhəmiyyətli yer tutur. Yüksək kirayə haqları və mənzil almaq üçün tələb olunan ilkin ödəniş ailə qurmağı planlaşdıran şəxslərin qərarlarına təsir göstərə bilər.
Mənzil əlçatanlığının aşağı olması gənclərin ailə qurmaq və uşaq sahibi olmaq planlarına nə dərəcədə təsir edir?
Sosioloq Mail Yaqub Ekologiya.az-a açıqlamasında bildirib ki, bu gün Azərbaycanda diqqət yetirilməli məsələlərdən biri əhalinin artım tempinin azalmasıdır:
“Bu, ciddi siqnaldır. Tədricən Rusiya və Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da demoqrafik problemlərlə üzləşmək riski yaranır. Artıq bu prosesin əlamətləri müşahidə olunur. Əhali artımının zəifləməsinin səbəblərindən biri gənclərin ailə qura bilməməsidir. Son illər ölkədə nikahların sayının azalması da bu baxımdan diqqət çəkir. Bunun əsas səbəblərindən biri isə gənclərin mənzil problemidir. Bu məsələlər bir-biri ilə sıx bağlıdır. Gənclərin mənzil təminatı ilə bağlı çətinlikləri ailə qurmağı çətinləşdirir. Nikahların sayının azalması isə təbii olaraq doğum səviyyəsinə və əhalinin artım tempinə təsir göstərir. Bu tendensiya gələcəkdə Azərbaycan üçün ciddi demoqrafik problemlər yarada bilər”.
O qeyd edib ki, ona görə də məsələ indidən diqqətdə saxlanılmalıdır:
“Gənc ailələr üçün güzəştli ipoteka imkanları yaradılmalıdır. Hazırkı ipoteka şərtləri bir çox gənc üçün əlçatan deyil. Çünki bunun üçün yüksək rəsmi əməkhaqqı və sabit rəsmi gəlir tələb olunur. Dövlət gənc ailələrin mənzil təminatı ilə bağlı xüsusi güzəştlər tətbiq etməlidir. Eyni zamanda, nikahın, ailə qurmağın və uşaq sahibi olmağın təşviqi istiqamətində də müvafiq addımlar atılmalıdır. Düşünürəm ki, bu məsələlər dövlətin diqqət mərkəzində olmalıdır”.
Aysel Muxtar
