Gənclər 48 saat ərzində sıfırdan kompüter oyunu hazırlayacaqlar


20.11.2026
16:39
Azərbaycanda oyun sənayesinin inkişafı və gənclərin bu sahədə praktiki bacarıqlarının artırılması məqsədilə 20–22 noyabr tarixlərində Azərbaycan Texniki Universitetində (AzTU) “Game Jam – oyun hazırlama hakatonu” keçiriləcək.
ERAmedia-nın məlumatına görə, Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz bildirib ki, AzTU, Xsolla və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşəbbüsü ilə reallaşdırılan proqramın təşkilatçıları Nomadman Studio, IGDA Azerbaijan və AzTU İnkubasiya Mərkəzidir.
Onun sözlərinə görə, iştirakçılar oktyabrın 23-dən etibarən Game Design, Game Art, Unity Programming və Unreal Engine istiqamətləri üzrə 20 praktiki təlimdə iştirak ediblər. Təlim mərhələsindən sonra 9 universitetdən 100 tələbə 48 saat ərzində sıfırdan oyun ideyası hazırlayacaq, prototip yaradacaq və layihələrini münsiflər heyətinə təqdim edəcək.
Hakaton çərçivəsində ümumilikdə 27 200 manat məbləğində mükafat fondu nəzərdə tutulub. Bu məbləğ ən uğurlu 5 layihə arasında bölüşdürüləcək.
Osman Gündüz qeyd edib ki, bu cür təşəbbüslər Azərbaycanda oyun sənayesinin inkişafı, gənclərin real layihələr üzərində işləmək imkanlarının genişləndirilməsi, praktiki bilik və bacarıqlarının artırılması, eləcə də yeni oyun startaplarının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Game Jam formatı iştirakçılara qısa müddətdə komanda şəklində işləmək, ideyalarını real məhsula çevirmək, texniki və yaradıcı bacarıqlarını sınamaq, həmçinin oyun sənayesi üzrə təcrübə qazanmaq imkanı yaradır.
Əli Fərhad
