Gənc qadın TikTok-da sürətli yemək yemə yarışında BOĞULDU


Dominikan Respublikasında TikTok çəkilişi zamanı gənc qadın həyatını itirib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Dominikan Respublikasının San-Kristobal şəhərində Katya Arauxo adlı gənc qadın TikTok üçün sürətli yemək yemə trendində iştirak edərkən boğularaq ölüb.
Məlumata görə, o, dostları ilə birlikdə “Daş, kağız, qayçı” oyunu əsasında video çəkirmiş. Oyunun qaydalarına əsasən, məğlub olan iştirakçılar müəyyən edilmiş nöqtəyə qaçıb geri qayıdır, qalib isə bu müddətdə masadakı yeməkdən mümkün qədər çox yeməli olur.
Katya toyuq tikəsi ilə boğulub. Dostlarının onu xilas etmək cəhdləri nəticəsiz qalıb.
Daha sonra qonşu qadını avtomobillə xəstəxanaya çatdırsa da, onun artıq öldüyü məlum olub.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və təhlükəli viral çağırışların yaratdığı riskləri yenidən gündəmə gətirib.
Xuraman Etibarlı
İnterpress.az