Gənc ailələr ayrı yaşamalıdır — Deputat


Xalq şairi, "Şərəf" ordenli Vahid Əziz ailələrin dağılmasının səbəblərindən danışıb. Vahid Əziz hesab edir ki, yeni ailə quran cütlüklər valideynlərindən ayrı yaşamalıdırlar. Onun sözlərinə görə, qayınana və qayınataların ailənin daxili işlərinə müdaxiləsi münasibətlərə mənfi təsir göstərir.
Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a bildirib ki, hər kəsin bu məsələyə fərqli baxışı ola bilər:
"Məncə, əksinə, yeni qurulan ailənin müəyyən müddət valideynlərlə birlikdə yaşaması çox önəmlidir. Çünki yeni həyata alışmaq, ailə və valideyn məsuliyyətini dərk etmək, bütün bunlara tədricən adaptasiya olmaq baxımından bu, faydalıdır. Mənim fikrimcə, yeni qurulan ailələrin bir-iki il müddətində valideynləri ilə yaşaması daha yaxşı olar. Təbii ki, pis niyyətli valideynlər övladları üçün müəyyən sıxıntılar yarada bilərlər. Amma yaxşı niyyətli valideynlər heç vaxt övladlarına zərər verəcək addım atmazlar. Əksinə, yeni evlənən cütlüklərin mətbəx vərdişlərindən tutmuş ev qaydalarına, davranış və etiket normalarına qədər öyrənəcəkləri çox şey var. Bu baxımdan, əgər normal, geniş və yaşamaq üçün əlverişli şərait varsa, bir müddət birlikdə yaşamaq daha məqsədəuyğundur".
Deputat əlavə edib ki, bir-iki il ərzində ailənin təməli möhkəmləndikdən, müəyyən alışqanlıq yarandıqdan sonra ayrılmaq, yeni evə köçmək daha məsləhətlidir:
"Çünki insan həyatda hər şeyi öyrənməlidir. Yeni qurulan ailə həm də valideynlərinə qarşı məsuliyyət hissini itirməməlidir. Bu, çox önəmlidir. Ayrı yaşamağa başladıqda həmin məsuliyyət hissi də müəyyən qədər zəifləyə bilər. Yeni ailəyə daxil olan gəlin də bir övladdır, o da başqa bir ailənin qızıdır. Onun yad insandan ailənin bir üzvünə çevrilməsi üçün həmin evdə istiliyi, münasibəti görməsi, hiss etməsi vacibdir. O, bu münasibəti yaşadıqca özünü ailənin bir parçası kimi hiss edir və övladlıq duyğusunu da qazanır. Bundan sonra, harada yaşamasından asılı olmayaraq, həmin ailənin üzvü olduğunu hiss edir və münasibətlərdə problem yaranmır. Əlbəttə, ailənin təməli sağlamdırsa, burada narahatlıq üçün heç bir əsas yoxdur".

Axar.az+1 mənbə