Gələn il sahibkarlar mobil həllər vasitəsilə avtomatlaşdırılmış bəyannamələri təqdim edə biləcək


Bakı, 19 noyabr, AZƏRTAC
2027-ci ildən etibarən Dövlət Vergi Xidmətində olan informasiyalar əsasında, mobil həllər vasitəsilə tam avtomatlaşdırılmış bəyannamələrin təqdim edilməsi prosesini işə salmağı planlaşdırırıq. Bununla bağlı artıq müvafiq texniki həllər tamamlanmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Dövlət- Biznes Əməkdaşlığı Forumunda "İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları" adlı panel sessiyada çıxış edərkən deyib.
“Yeniliklərdən biri də odur ki, hətta vergi orqanlarının məlumatları ilə razılaşan sahibkar üçün sistemə daxil olub bəyannaməni təsdiq etməyə ehtiyac qalmasın. Yəni kifayət qədər elektronlaşmış bir mühitdə olan informasiyalar əsasında bəyannamələrin təsdiq prosesini avtomatik qaydada həyata keçirməyi planlaşdırırıq və bununla bağlı da qanunvericiliyə müvafiq dəyişikliklər həyata keçirilib. Əsas hədəfimiz inzibati alətlərin minimum səviyyədə tətbiqi və maksimum dərəcədə riskəsaslı olması, vergi və digər qanunvericiliklərə əməl etmənin asanlaşdırılmasıdır", - deyə rəis müavini vurğulayıb.
Müxbir - Günel Türksoy
Fotoqraf - Nicat Haşimov
Videooperator - Ceyhun Mustafayev
Dərc vaxtına görə
