Fransada vəkillər polislərin yaralanması ilə bağlı açıqlamalarına görə naziri məhkəməyə veriblər


Paris, 19 noyabr, AZƏRTAC
Fransada bir qrup vəkil daxili işlər naziri Loran Nünezdən etiraz aksiyalarında yaralanan polis əməkdaşlarının sayı ilə bağlı yalan məlumatların yayması ehtimalı ilə şikayət edib.
AZƏRTAC xəbər verir ki, “Franceinfo”nun məlumatına görə, vəkillər nazirin lisey şagirdlərinin, tələbələrin və bahalaşmaya qarşı keçirilən aksiyalar zamanı polis əməkdaşlarının xəsarət alması ilə bağlı statistik göstəriciləri şişirtdiyini iddia edirlər. Onların fikrincə, bu məlumatlar məktəbli etirazlarının qeyri-mütənasib şəkildə repressiya edilməsinə haqq qazandırmaq üçün istifadə olunub.
Fransa Kassasiya Məhkəməsi yanında baş prokurora müraciət edən vəkillər, nazirlərin vəzifələrini icra edərkən törətdikləri hüquq pozuntularına baxan Respublika Ədalət Məhkəməsinə müraciət prosedurunun başlanmasını istəyiblər.
Vəkillər Loran Nünezin polis əməkdaşlarının xəsarətlərini nümayişçilərin zorakılığı ilə əlaqələndirdiyini, lakin yaralanmaların səbəbləri və ağırlıq dərəcəsi üzrə etibarlı araşdırmanın aparılmadığını bildirirlər. Onların sözlərinə görə, qeydə alınan xəsarətlərin bir qismi çox yüngül olub və ya nümayişçilərlə əlaqəsi olmayıb.
Kollektivin bəyanatında qeyd olunur ki, nazir eyni çıxışda əvvəlcə yüzlərlə, daha sonra isə min nəfərdən çox yaralı polis əməkdaşından danışaraq, daş atılması, minaatan tipli pirotexniki vasitələr və “asayişi pozanlar” barədə fikirlərlə birlikdə ictimai asayiş tədbirlərinin sərtləşdirilməsinə haqq qazandıran narrativ formalaşdırıb.
Şikayət Fransada bahalaşmaya qarşı etirazların, eləcə də məktəb və universitetlərin blokadalarının davam etdiyi sosial gərginlik fonunda irəli sürülüb.
