Fransa Ukrayna ilə SAMP/T NG hava hücumundan müdafiə sistemi üzərində işləyir


Fransa Ukraynanın ballistik raketlərə qarşı hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə yeni nəsil SAMP/T NG sistemi üzərində birgə iş apardığını təsdiqləyib.
Ordu.az xəbər verir ki, Fransanın Silahlı Qüvvələr və Veteranlar məsələləri üzrə nazir müavini Alis Rufo noyabrın 19-da Fransanın Müdafiə Nazirliyinin jurnalında dərc olunan müsahibəsində Ukrayna ilə SAMP/T NG hava hücumundan müdafiə sistemi üzərində işlədiklərini açıqlayıb.
Rufo Ukraynanın hava məkanını qoruya bilməsi üçün yeni nəsil hava hücumundan müdafiə sistemlərinin hazırlanması istiqamətində əməkdaşlığın davam etdiyini bildirib.
Fransalı rəsmi Rusiyanın ballistik raket hücumlarına qarşı SAMP/T NG və ABŞ istehsalı olan “Patriot” sistemlərinin əhəmiyyətinə diqqət çəkib.
“SAMP/T NG və “Patriot” malik olduqları texnologiyalar sayəsində bu raketləri dayandıra biləcək yeganə sistemlərdir”, - deyə o bildirib.
Fransa və İtaliya tərəfindən hazırlanan SAMP/T hava hücumundan müdafiə sistemi “Aster 30” önləyici raketlərindən istifadə etməklə döyüş təyyarələrinə, qanadlı raketlərə və ballistik raketlərə qarşı tapşırıqları yerinə yetirə bilir.
Sistemin yeni nəsil versiyası olan SAMP/T NG isə qabaqcıl radar texnologiyaları və yeni nəsil önləyici raketlər sayəsində xüsusilə ballistik raket təhdidlərinə qarşı daha yüksək imkanlar təmin etmək üçün hazırlanır.
Ukrayna prezidenti Volodimir Zelenski 2026-cı ilin oktyabrında verdiyi açıqlamada fransalı mühəndislərlə birlikdə SAMP/T sistemində müxtəlif dəyişikliklər etdiklərini bildirmişdi.
Zelenski Fransa komandasının sistemin əvvəlki göstəriciləri ilə aparılan dəyişikliklərdən sonra əldə edilən imkanları müqayisə etmək fürsəti qazandığını qeyd etmişdi.
Fransanın Ukraynaya hərbi dəstək modelində də mühüm dəyişiklik baş verir. Nazir müavini Rufo 2022-ci ildən bəri həyata keçirilən dəstək fəaliyyətlərinin mövcud hərbi ehtiyatlardan tədarük mərhələsindən birgə istehsal və texnologiyaların hazırlanması mərhələsinə keçdiyini açıqlayıb.
“Ehtiyatlarımızdan avadanlıq təmin etməklə dəstək göstərmək mərhələsindən Ukrayna ilə birgə istehsal və texnologiyaların hazırlanması mərhələsinə keçdik”, - deyə Rufo bildirib.
Yeni yanaşmanın Avropa İttifaqı kreditlərindən istifadə etməklə birgə istehsal imkanlarının artırılmasına yönəldiyini bildirən Rufo Rusiyanın Ukraynanın enerji obyektlərinə və kritik mülki infrastrukturlarına hücumlarının davam etdiyinə diqqət çəkib.
Zelenski də 2026-cı ilin sentyabrında verdiyi açıqlamada Avropa İttifaqı kreditlərindən istifadə etməklə əlavə SAMP/T sistemləri və raketləri almağa hazır olduqlarını, eyni zamanda bu sistemlərin Ukraynada istehsalı istiqamətində iş apardıqlarını bildirmişdi.
Fransa 2025-ci ilin noyabrında Ukraynaya hər biri altı buraxılış qurğusundan ibarət səkkiz SAMP/T hava hücumundan müdafiə sistemi verilməsi ilə bağlı razılıq əldə etmişdi.
Zelenski isə 2026-cı ilin iyulunda Ukraynanın yeni nəsil SAMP/T NG sisteminin ilk istifadəçisi olacağını, həmçinin əvvəlki nəsil iki SAMP/T sistemi alacağını açıqlamışdı.
Digər tərəfdən, Danimarka SAMP/T NG sistemi üçün ilk ixrac müqaviləsini imzalayan ölkə olub. Danimarkaya tədarüklərin 2028-ci ildə başlanması planlaşdırılır.
Fransa ilə Ukrayna arasında aparılan işlərin Ukraynanın ballistik raketlərə qarşı müdafiə imkanlarını gücləndirməklə yanaşı, hava hücumundan müdafiə sistemlərinin ölkə daxilində istehsalına dair əməkdaşlığı da inkişaf etdirməsi hədəflənir.
Sevinc Əliyeva Ordu.az
1 mənbə