Fransa KNDS-dən 50 min ədəd 155 mm-lik artilleriya sursatı sifariş edib


Fransanın Müdafiə Təchizatı Agentliyi 2029 və 2030-cu illərdə tədarük edilmək üçün KNDS şirkətinə 50 min ədəd 155 mm-lik artilleriya sursatı sifariş edib.
Ordu.az xəbər verir ki, Fransanın Müdafiə Təchizatı Agentliyi (DGA) tərəfindən verilən sifariş ölkənin Hərbi Proqramlaşdırma Qanununa (LPM) edilən dəyişiklik çərçivəsində həyata keçirilib.
Sifariş Fransa quru qoşunlarının sursat ehtiyatlarını gücləndirəcək, KNDS şirkətinə isə qarşıdakı illərdə üzərinə götürəcəyi istehsal yükünü daha dəqiq planlaşdırmaq imkanı verəcək.
Fransa dövləti ilə KNDS France “La Chapelle-Saint-Ursin” müəssisəsinin istehsal gücünü üç dəfə artırmağı hədəfləyən investisiyanın xərclərini bərabər şəkildə bölüşəcəklər. Sifarişin dəyəri və ümumi investisiya məbləği barədə məlumat verilməyib.
Fransanın Şer bölgəsində yerləşən müəssisədə illik 155 mm-lik sursat istehsalı gücü Ukraynada müharibənin başladığı 2022-ci ildən bəri iki dəfə artırılıb. Yeni investisiya çərçivəsində müəssisədə bir partlayıcı maddə doldurma bölməsi yaradılacaq. Bundan əlavə, böyük çaplı sursat gövdələrinin emalı və aparıcı qurşaqların quraşdırılması üçün daha iki yeni istehsal bölməsi əlavə ediləcək.
Hazırda 500 nəfərin çalışdığı müəssisədə KNDS France istehsal və sistem mühəndisliyi sahələrində işləmək üçün 150-dən çox ixtisaslı əməkdaş işə götürür.
“La Chapelle-Saint-Ursin” müəssisəsinin genişləndirilməsi Fransada müəyyən edilmiş 150 böyük sənaye layihəsi sırasına daxildir. KNDS şirkətinin məlumatına görə, investisiyaya milli əhəmiyyətli layihə (PINM) statusu verən ilk qərar 2026-cı il iyunun 29-da Fransanın Rəsmi Qəzetində dərc olunub.
Şirkət investisiya qərarını artilleriya sursatlarına tələbatın artması və yüksək intensivlikli döyüşlərdə 155 mm-lik mərmilərdən geniş istifadə olunması ilə əlaqələndirir. KNDS-nin fikrincə, daxili istehsalın artırılması Fransa qüvvələrinin və tərəfdaşlarının sursatla təminatını dəstəkləyəcək, həmçinin ölkənin istehsal infrastrukturu üzərində nəzarətini gücləndirəcək.
KNDS-nin istehsal etdiyi 155 mm-lik sursatlardan istifadə edən platformalar arasında CAESAR özüyeriyən haubitsası da var. Fransanın “Nexter” və Almaniyanın “Krauss-Maffei Wegmann” şirkətlərinin tərəfdaşlığı əsasında yaradılan qrup quru platformaları və sursatlar istehsal edir. Şirkət həmçinin bu məhsulların istismar müddəti ərzində texniki dəstək göstərir.
KNDS 2025-ci ildə 4,4 milyard avro gəlir əldə edib. Qrupun sifariş portfeli 2025-ci il dekabrın 31-nə 33,1 milyard avroya çatıb. Təxminən 11 min əməkdaşı olan KNDS Avropada 24-ü olmaqla, dünyanın 40-dan çox ölkəsinin ordusuna xidmət göstərir.
Sevinc Əliyeva Ordu.az
