“Fermerlərə vergi güzəştlərinin ləğvi yanlışdır”


Azərbaycanda kənd təsərrüfatının vergidən tam azad edilməsi dövrü bitir. Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının gəlir və mənfəət vergisi üzrə hazırkı 100 faizlik azadolmasının 90 faizlik güzəştlə əvəz edilməsi təklif olunur.
Bizimyol.info xəbər verir ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, fermerlərin gəlir və mənfəətinin 10 faizi vergiyə cəlb ediləcək, qalan 90 faizi isə vergidən azad olunacaq.
Yeni mexanizmin 2027-ci ildən tətbiq edilməsi və 2032-ci il yanvarın 1-dək qüvvədə qalması nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycanda kənd təsərrüfatı istehsalçılarına vergi güzəştləri 2001-ci ildən tətbiq olunur.
Başqa vergi güzəştlərinin, o cümlədən ƏDV, əmlak vergisi və sadələşdirilmiş vergi üzrə azadolmaların daha beş il uzadılması da təklif edilir.
Həmçinin gələn ildən bəzi güzəştlərdən yararlanmaq üçün istehsalçıların EKTİS-də qeydiyyatda olması və müvafiq gəlirlərini vergi bəyannaməsində göstərməsi tələb olunacaq.(Fed.az)
Bu dəyişiklik ölkə iqtisadiyyatına və əhalinin dolanışığına necə təsir edəcək?
İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info xəbər portalına bildirib ki, bu vəsait Azərbaycan büdcəsi üçün olduqca azdır.
Natiq Cəfərli deyir: “Mən o rəqəmlərə baxdım. Kənd təsərrüfatı üzrə güzəştlərin ləğvindən sonra büdcəyə cəmi 14 milyon manat əlavə vəsait daxil olması nəzərdə tutulur. 14 milyon manat Azərbaycan büdcəsi üçün nədir ki, bunun üçün güzəştlərin bitməsini elan edirlər?”
Natiq Cəfərlinin sözlərinə görə, bu, çox yanlış yanaşmadır: “Güzəştlərin ləğvi bir problemdir, bununla yanaşı, güzəştlər bitdikdən sonra ölkədəki yüz minlərlə fermer mühasibatlıq məsələlərinə də diqqət yetirməli olacaq. Onlar mühasib tutmalı, yaxud mühasibatlıqla bağlı müxtəlif sənədləşmə işləri aparmalıdırlar. Bu, fermerlərə lazımdırmı?”
“Təbii ki, bu, çox yanlış yanaşmadır. Düşünürəm ki, bu qərara yenidən baxılmalı və həmin güzəştlər yenidən tətbiq edilməlidir”, – deyə Natiq Cəfərli əlavə edib.