Fərid Cəfərov: Sahilboyu ərazilərdə genişmiqyaslı söküntüyə ehtiyac yaranmaması üçün qabaqlayıcı tədbirlər görülür


Bakı, 19 noyabr, AZƏRTAC
Xəzər sahilboyu ərazilərin qorunması istiqamətində aparılan preventiv tədbirlər gələcəkdə yarana biləcək hüquqi və sosial problemlərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini Fərid Cəfərov bildirib.
Onun sözlərinə görə, əsas məqsəd gələcəkdə həmin ərazilərdə genişmiqyaslı söküntü və digər müdaxilələrə ehtiyac yaranmaması, bunun dövlət, ictimaiyyət və sahibkarlar üçün əlavə çətinliklərə səbəb olmamasıdır.
“Bu baxımdan qabaqlayıcı tədbirlərin vaxtında həyata keçirilməsi vacibdir. Müvafiq fərmanla qarşıya qoyulan tapşırıqların icrası çərçivəsində həmin ərazilərin hüquqi statusu, istifadə qaydaları və digər məsələlər aidiyyəti dövlət qurumları ilə birgə daha geniş şəkildə araşdırılacaq və dəqiqləşdiriləcək. Görüləcək işlər ərazilərin qorunmasına, onlardan istifadənin qanunvericiliyə uyğun tənzimlənməsinə, eləcə də gələcəkdə yarana biləcək hüquqi və sosial problemlərin qarşısının alınmasına xidmət edəcək”, - deyə sədr müavini əlavə edib.
Müəllif-Vüqar Qurbanoğlu
