Fərhad Bədəlbəylinin növbəti peşmançılığını nə vaxt oxuyacağıq? – Akif Nağı pianisti “ağ yuyub qara sərdi”


Gündəm
18 Noyabr 2026, 16:16
0 baxış
Azərbaycan və Türkiyə münasibətləri heç bir halda, heç kəs tərəfindən pozula bilməz.
Bu sözləri Yenicag.az-a Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib.
A. Nağı F. Bədəlbəylinin Azərbaycan və Türkiyə münasibətləri haqqında işlətdiyi ifadələri sərt şəkildə qınayıb, keçmişdə buraxdığı eyni tərzdə səhvlərdən nümunə çəkərək onun normal düşüncəli insan olmadığını dilə gətirib:
“Fərhad Bədəlbəylinin açıqlaması heç bir çərçivəyə sığmır. Özünü hər nə qədər ziyalı hesab etsə də, məntiqdən uzaq bir insandır. Prezident ona hörmətlə yanaşır, amma bunun bu formada danışmasını dinləyən elə bilər ki, bu şəxsin gedən proseslərdən heç bir məlumatı yoxdur. Azərbaycan və Türkiyə münasibətləri heç bir halda, heç kəs tərəfindən pozula bilməz. Bu münasibətlər əbədi dostluq və qardaşlıqdır. Bilmirəm F. Bədəlbəylinin belə danışması kimin sifarişidir, amma çox mənasız bir çıxışdır. Ümumiyyətlə, Fərhad Bədəlbəyli milli məsələlərdən, Azərbaycan-Türkiyə məsələsindən uzaq bir şəxsdir. Xatırlayıram, 2007-ci ildə bunlar “xalq diplomatiyası” başlatmışdılar. Dağlıq Qarabağa, oradan da İrəvana getdilər. Həmin dövrdə də onları çox sərt qınadıq. Sonradan böyük səhv etdiklərini qəzetlərin birində etiraf etdi və peşman olduğunu dilə gətirdi. Növbəti dəfə yenə peşmançılıq çəkdiyini etiraf edəcəkmi? Belə olmaz axı. Bu şəxs tanınan, cəmiyyətdə mövqeyi olan adamdır. Normal insan belə çıxış etməzdi. Azərbaycan və Türkiyə prezidentləri bir-birinə qarşı hörmətlə münasibət bəsləyirlər. O ərəfələrdə Türkiyə Prezidentinin Azərbaycana səfərini Türkiyə mediasında da səviyyəsizcə qınayanlar oldu, amma Azərbaycanda kiminsə belə səviyyəsiz çıxış etməsi anlaşılan deyil. Bu çıxış nə onun özü üçün yaxşı bir haldır, nə də Azərbaycan və Türkiyə münasibətlərinə bu cür kölgə salması xoşdur. Belə açıqlamalardan hər kəs çəkinməlidir”.
Nurlan Cəfəri
