Eyni qaydada torpaq alan vətəndaşların hüquqları bərabərləşdirilir –


BAKI, 20 noyabr. TELEQRAF
Azərbaycanda torpaq islahatı zamanı eyni hüquqi əsaslarla həyətyanı torpaq sahəsi əldə etmiş, lakin fərqli sənədlərlə təmin olunmuş vətəndaşların hüquqi vəziyyətinin bərabərləşdirilməsi təklif olunur.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Bununla bağlı hazırlanan qanun layihəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş plan-ölçü sənədlərinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas kimi tanınmasını nəzərdə tutur.
Məlum olduğu kimi, 2006-cı il iyulun 6-dək “Torpaq islahatı haqqında” Qanuna əsasən vətəndaşlara verilmiş həyətyanı torpaq sahələri üzrə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr hazırlanıb. Daha sonra şəhadətnamələrin verilməsi dayandırılıb və vətəndaşlara torpaq sahəsinin plan-ölçü sənədi təqdim olunub.
Bu isə vətəndaşlar arasında fərqli hüquqi vəziyyət yaradıb. Belə ki, şəhadətnamə alan şəxslər torpaq üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirə bildikləri halda, yalnız plan-ölçü sənədi olan şəxslər eyni imkana malik olmayıblar.
Qanun layihəsi 2015-ci il fevralın 6-dək vətəndaşların mülkiyyətinə verilmiş müvafiq həyətyanı torpaq sahələrini əhatə edir. Buraya bələdiyyələr tərəfindən ayrılmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən plan-ölçüsü tərtib edilmiş torpaq sahələri də daxildir.
Dərc vaxtına görə
Teleqraf.azoxuduğunuz
Eyni qaydada torpaq alan vətəndaşların hüquqları bərabərləşdirilir –
