Ermənistanın sülh mövqeyində ziddiyyət: Paşinyan və Rubinyan fərqli mesajlar verir-
.jpg)
.jpg)
16:00 Siyasət
"Ermənistan rəhbərliyinin sülh müqaviləsi ilə bağlı son açıqlamalarında müşahidə olunan ziddiyyətlər İrəvanın siyasi mövqeyində ciddi uyğunsuzluqların olduğunu göstərir. Baş nazir Nikol Paşinyan yeni Konstitusiyanın qəbulunu Azərbaycanla yekun sülhün vacib şərtlərindən biri kimi təqdim etdiyi halda, parlamentin sədri Ruben Rubinyanın müqavilənin imzalanmasına heç bir maneə olmadığı barədə danışması təsadüfi siyasi fikir ayrılığı kimi qiymətləndirilə bilməz. Burada Ermənistan hakimiyyətinin həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə fərqli mesajlar ötürmək cəhdi aydın görünür".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasnda söyləyib:
"Əgər Ermənistanın mövcud Konstitusiyası sülh müqaviləsinin imzalanmasına maneə yaratmırsa, Paşinyan nə üçün konstitusiya dəyişikliklərini siyasi gündəliyin əsas məsələsinə çevirir? Əksinə, mövcud hüquqi sənəddə Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəalar problem yaradırsa, Rubinyanın müqaviləni bu gün imzalamağa hazır olduqları barədə açıqlaması hansı hüquqi və siyasi əsaslara söykənir? İrəvan bu suallara aydın cavab verməlidir. Çünki sülh prosesi siyasi bəyanatların deyil, konkret öhdəliklərin və hüquqi təminatların üzərində qurulmalıdır. Məncə, Paşinyan hakimiyyətinin əsas çətinliyi Ermənistanın daxili siyasi reallıqları ilə Azərbaycanın irəli sürdüyü prinsipial tələblər arasında yaranan ziddiyyətdir. Paşinyan konstitusiya məsələsini daxili siyasi mübarizədə öz mövqeyini möhkəmləndirmək üçün istifadə edir. Rubinyan isə Ermənistanın sülhə hazır olduğu görüntüsünü yaratmağa çalışır. Bu yanaşma İrəvana qısa müddətdə siyasi manevr imkanları qazandıra bilər, ancaq Azərbaycanın haqlı gözləntilərini aradan qaldırmır. Ermənistan siyasi elitası anlamalıdır ki, sülh müqaviləsi imzalamağa hazır olmaqla onun üçün zəruri hüquqi və siyasi şərtləri yerinə yetirmək eyni məsələ deyil. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa, suverenliyə və ərazi bütövlüyünə əsaslanır. Bakı üçün əsas məsələ müqavilənin hansı tarixdə imzalanması deyil, bu sənədin gələcəkdə yeni ərazi iddialarına və revanşist siyasətə hüquqi zəmin yaratmamasıdır. Ermənistanın siyasi rəhbərliyi daxilindəki fikir ayrılıqları sülh prosesinə mane olmamalıdır. Əgər İrəvan həqiqətən davamlı sülh istəyirsə, ilk növbədə öz konstitusion və siyasi mövqeyində aydınlıq yaratmalıdır. Azərbaycanın gözləntisi növbəti optimist bəyanatlar deyil, konkret hüquqi dəyişikliklər və gələcək münasibətləri təminat altına alan məsuliyyətli siyasi qərarlardır. Regionda dayanıqlı sülhün yolu məhz bu reallığın qəbulundan keçir".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
1 mənbə
