Ermənistan vasitəçilərdən imtina edir, Bakı ilə birbaşa danışığa keçir — ŞƏRH


Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabr ayında Azərbaycana səfər edəcək. Simonyanın sözlərinə görə, səfər çərçivəsində texniki məsələlər və iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə olunacaq. O, bu səfəri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana əvvəlki səfərinə qarşılıqlı addım kimi qiymətləndirib.
Siyasi şərhçi Çingiz Şahbazi Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın dekabr ayında Azərbaycana səfəri baş tutarsa, bunu Azərbaycan-Ermənistan münasibətlərində mühüm siyasi irəliləyiş və etimadın artırılması istiqamətində ciddi addım hesab etmək olar:
"Əlbəttə, səfərin mühüm tərəfləri var. Ən əsası isə onun qarşılıqlı səfər prinsipi əsasında həyata keçirilməsidir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin iyunda Ermənistana səfərindən sonra indi onun Azərbaycana səfəri nəzərdə tutulur. Bu, diplomatik baxımdan çox əhəmiyyətlidir. Çünki tərəflər artıq üçüncü ölkələrdə görüşmür, bir-birinin ərazisində təmaslar qurmağa başlayıblar. Səfərin Bakıya deyil, Azərbaycanın başqa bir məntəqəsinə planlaşdırıldığı bildirilir. Ermənistan mediasının məlumatına görə, tərəflər itkin düşmüş şəxslərlə bağlı məsələləri və bu istiqamətdə fəaliyyət planlarının mübadiləsini də müzakirə edə bilərlər. Bu, adi diplomatik protokol məsələsi deyil. Müharibənin ağır humanitar nəticələrinin aradan qaldırılmasında və etimadın qurulmasında mühüm rol oynaya bilər. Səfəri 30 ildən çox davam edən münaqişədən sonra münasibətləri normallaşdırmaq və sülhü rəsmiləşdirmək cəhdləri kontekstində də təqdim etmək olar. Burada birbaşa təmasların həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Əsas diqqət çəkən məqam isə yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərinin əvvəlki diplomatik maneələrin müəyyən qədər aradan qalxdığını göstərməsidir. 12 noyabr 2026-cı il tarixində Dublində Əliyev və Paşinyan arasında keçirilən növbəti görüş göstərdi ki, tərəflər artıq siyasi bəyanatlarla kifayətlənmək istəmirlər. Nəqliyyat, ticarət, sərhədlərin delimitasiyası, TRIPP layihəsi və elektrik enerjisi layihələri müzakirə olunub. Ermənistana Azərbaycan ərazisindən 105 min ton yük daşınması da bu prosesin praktik nəticələrindən biridir".
Ekspert əlavə edib ki, belə bir şəraitdə Simonyanın Azərbaycana səfərini həmin prosesin davamı kimi dəyərləndirmək olar:
"Burada ABŞ-nin Cənubi Qafqazda yeni geosiyasi mövqeyi də öz rolunu oynayır. ABŞ-nin iştirakı ilə formalaşan TRIPP layihəsi regionun nəqliyyat və iqtisadi xəritəsini dəyişə bilər. Bu, yalnız Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması məsələsi deyil. Söhbət Orta Dəhlizin genişlənməsindən, Türkiyənin regional rolundan, İranın maraqlarından və Rusiyanın ənənəvi təsir imkanlarının dəyişməsindən gedir. Bütün bunlar onu göstərir ki, ABŞ üçün Azərbaycan-Ermənistan sülh prosesi daha geniş strategiyanın bir hissəsidir. Çünki Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və siyasi əlaqələr sistemi qurmağa çalışır. Həmçinin, Simonyanın və ümumiyyətlə, qarşılıqlı səfərlərin mahiyyəti tərəflər arasında etimadın artırılması məqsədi daşıyır. Burada itkin düşmüş şəxslər məsələsi də xüsusi əhəmiyyət kəsb edir. Bu, ilk baxışdan humanitar məsələlərdən biridir. Lakin siyasi baxımdan daha geniş əhəmiyyət daşıyır. Çünki tərəflər həssas məlumatları bir-birinə ötürməyə, ortaq mexanizmlər qurmağa və qarşılıqlı öhdəliklər götürməyə başlayırlarsa, bu, münasibətlərin keyfiyyətcə dəyişməsi deməkdir. Sülh sazişinin 9-cu maddəsində də itkin düşmüş şəxslərlə bağlı məlumat mübadiləsi və əməkdaşlıq nəzərdə tutulur. Baş verən proseslərdən belə qənaətə gəlmək olar ki, tərəflər arasında həyata keçirilən səfərlər və təmaslar iki ölkənin yeni münasibətlər modelinə alışma mərhələsidir. Ermənistan Azərbaycanla münasibətlərdə əvvəlki qarşıdurma modelindən yeni reallıqlara uyğunlaşma modelinə keçir. Burada mühüm siyasi dəyişiklik var. Əvvəllər Ermənistan Azərbaycanla münasibətlərində beynəlxalq vasitəçilərin və böyük güclərin himayədarlığına daha çox arxalanırdı. İndi isə bir çox məsələlərin birbaşa Bakı ilə müzakirə edilməsinin zəruriliyini qəbul edir. Heç şübhəsiz ki, bu, Azərbaycanın regional mövqeyinin dəyişməsi ilə bağlıdır. Bu səbəbdən Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın dekabr ayında Azərbaycana səfəri daha çox sülhün gündəlik diplomatik təcrübəyə çevrilməsinin göstəricisidir. Tərəflərin artıq bir-birini yalnız münaqişə tərəfi kimi deyil, gələcəkdə müəyyən məsələlərdə əməkdaşlıq etməli olacaqları qonşu dövlət kimi qəbul etməyə başladığını göstərir".
1 mənbə
