Erməni hərbi-siyasi xadim: “Məqsəd erməni xalqının Müstəqillik Bəyannaməsindən könüllü şəkildə imtina etməsidir”


“Yeni Konstitusiya ilə bağlı referendumun əsas təhlükəsi Ermənistanın öz əli ilə dövlətçiliyinin hüquqi əsaslarından və tarixi hüquqlarından imtina etməyə məcbur edilməsidir”.
Ordu.az xəbər verir ki, bunu erməni hərbi-siyasi xadim Gevorq Gevorqyan sosial şəbəkə hesabında yazıb.
O, son günlər Ermənistan parlamentində və hökumətində baş verən səs-küylü müzakirələrin, eləcə də küçələrdə səslənən təhqirlərin təsadüfi olmadığını bildirib. Gevorqyanın fikrincə, bunlar cəmiyyətin diqqətini dövlətin qarşısında dayanan real təhlükələrdən yayındırmaq üçün növbəti cəhddir.
“Söhbət əsəblərin dözməməsindən getmir. Bu, dövlətin başı üzərindəki real təhlükələri ört-basdır etmək üçün xalqın gözünə kül üfürməkdən ibarət növbəti cəhddir. Bu ucuz tamaşaya aldanmaq kifayətdir.
Gəlin həqiqətə açıq gözlə baxaq və baş verənlərə, ölkənin hansı istiqamətə aparıldığına aydın münasibət bildirək”, - deyə Gevorqyan qeyd edib.
Erməni hərbi-siyasi xadim hesab edir ki, əsas məqsəd erməni xalqının yeni Konstitusiya referendumu vasitəsilə Müstəqillik Bəyannaməsindən könüllü şəkildə imtina etməsidir.
“Artıq rəqibin tələbinin öz əllərimizlə rəsmiləşdirilməsi mərhələsindəyik. Azərbaycana artıq bir nəfərin imzası kifayət etmir. Bakıya lazımdır ki, erməni xalqı özü yeni Konstitusiya referendumu vasitəsilə Müstəqillik Bəyannaməsindən könüllü şəkildə imtina etsin.”, - deyə Gevorqyan bildirib.
O, Ermənistan hakimiyyətini Konstitusiyanın dəyişdirilməsi məsələsində qanunvericiliyi pozmaqda və hakimiyyəti mənimsəməyə cəhd göstərməkdə ittiham edib.
Gevorqyan regional və iqtisadi təhlükəsizliklə bağlı məsələlərə də toxunub. O, anklavlar məsələsinin referendum müzakirələri ilə əlaqələndirilməsinə hazırlıq görüldüyünü iddia edərək, bunun Ermənistanın ərazi bütövlüyünə və strateji yollarına birbaşa zərbə ola biləcəyini bildirib.
“Artıq anklavlar məsələsi üzrə referendum üçün açıq şəkildə zəmin hazırlanır. Bu, Ermənistanın ərazi bütövlüyünə və strateji yollarına birbaşa zərbədir. Məqsəd ölkəni daxildən parçalamaq və müdafiəsiz vəziyyətdə qoymaqdır. Bununla paralel olaraq, dəmir yolu və enerji sistemləri ətrafında süni böhranlar yaradılması ölkənin iqtisadi təhlükəsizliyinə zərbə vurur və xarici asılılığı daha da dərinləşdirir”, - deyə Gevorqyan qeyd edib.
O, hakimiyyətin “güzəştə getməsək, müharibə olacaq” yanaşmasını da tənqid edib.
“Hakimiyyətin əsas silahı qorxu yaymaqdır: “Əgər güzəştə getməsək, müharibə olacaq”. Bu, tarixi və hərbi baxımdan yalandır. Sülh diz çökərək deyil, güc və ləyaqət hesabına əldə edilir. Davamlı güzəştlərə getməklə ölkənin müqavimət qabiliyyətini sındırırlar.
“Sonra gedəcəyəm” vədi isə illüziyadır. Dövlətin onurğa sütunu sındıqdan sonra kiminsə vəzifədən getməsi itirilənləri geri qaytarmayacaq”, - deyə Gevorqyan bildirib.
Alpər Mövludoğlu Ordu.az