Erməni deputat: “Orduda sülh şəraitində insan həyatları itirilir, Müdafiə Nazirliyi isə diqqəti əsas məsələlərdən yayındırmağa çalışır”


“Orduda baş verən ölüm halları mübahisə və siyasi qarşıdurma mövzusu deyil, məsuliyyət, ləyaqət və təxirəsalınmaz həll tələb edən ciddi problemdir”.
Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Vağinak Vardanov sosial şəbəkə hesabında yazıb.
Erməni deputat iki gün əvvəl Ermənistan Silahlı Qüvvələrində daha bir hərbçinin ölməsinə münasibət bildirib.
Vardanov bildirib ki, Silahlı Qüvvələrdə sülh şəraitində baş verən növbəti ölüm hadisəsi ilə bağlı onun həmkarı Marianna Qahramanyan da paylaşım edib. Baş verən hadisələrin gedişatını izlədikdən sonra erməni deputat Müdafiə Nazirliyinin sistemli problemləri üzə çıxarmaq və onların həlli istiqamətində addımlar atmaq əvəzinə, tənqidçiləri hədəfə almağa çalışdığını qeyd edib.
“İnkişaf edən hadisələri izləyərək mühüm bir məqamı qeyd etməyi zəruri hesab edirəm. Sistemli problemləri səsləndirmək və onların həlli istiqamətində addımlar atmaq əvəzinə, Ermənistan Müdafiə Nazirliyinin strukturu, nazirliyin mətbuat katibinin timsalında, sanki hakim “Vətəndaş Müqaviləsi” partiyasına xas fəaliyyət tərzini mənimsəyib və insanların diqqətini əsas məsələlərdən yayındırmağa çalışır”, - deyə erməni deputat yazıb.
O, Müdafiə Nazirliyinin nümayəndəsinə müraciət edərək, hazırda tənqidçiləri hədəfə almaq və rəqəmlərdə kimin haqlı, kimin haqsız olduğunu müzakirə etməkdən daha vacib məsələlərin mövcud olduğunu vurğulayıb.
“Hörmətli həmkar, bu gün bizim tənqid edənləri hədəfə almaqdan və rəqəmlərdə kimin doğru, kimin yanlış olduğunu axtarmaqdan daha vacib problemimiz var.
Bizim həll etməli olduğumuz əsas məsələ Müdafiə Nazirliyinin sistemində dərinləşmiş problemləri üzə çıxarmaq və aradan qaldırmaq zərurətidir”, - deyə Vardanov qeyd edib.
Erməni deputatın fikrincə, sistemli çatışmazlıqlar ordunu daxildən zəiflədir və bu problemlər barədə susmaq, yaxud ictimaiyyətin diqqətini başqa istiqamətə yönəltmək onların həlli ola bilməz.
“Sistemli qüsurlar ordunu daxildən dağıdır. Bütün bunlar barədə susmaq və ya diqqəti başqa istiqamətə yönəltmək heç bir halda həll yolu ola bilməz.
Əgər bu problemləri üzə çıxarmaq və həll etmək imkanınız yoxdursa, bunu bacaran və kömək etməyə borclu olan şəxslərə müraciət edin”, - deyə o bildirib.
Vardanov paylaşımının sonunda orduda sülh şəraitində insan həyatlarının itirilməsinin son dərəcə ciddi məsuliyyət tələb edən məsələ olduğunu vurğulayıb. O, belə hadisələrin siyasi mübahisələrə çevrilməsini yolverilməz hesab edib və Müdafiə Nazirliyini sistemdəki problemlərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb.
“Orduda sülh şəraitində insan həyatları itirilir. Bu, mübahisə və ya siyasi qarşılıqlı ittihamlar mövzusu deyil. Bu, məsuliyyət, ləyaqət və təxirəsalınmaz həllər tələb edən problemdir”, - deyə Ermənistan parlamentinin deputatı fikirlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu Ordu.az