Epşteyn işi ilə bağlı yeni qalmaqal: Deutsche Bankın şübhəli maliyyə hesabatları üzə çıxıb


18.11.2026 - 21:05
18
Almaniyanın “Deutsche Bank” bankına aid sızdırılmış daxili sənədlər maliyyəçi Ceffri Epşteynlə əlaqəli ümumi dəyəri 581,9 milyon dollar olan şübhəli maliyyə əməliyyatlarını üzə çıxarıb.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə “Clash Report” “Financial Times”ın araşdırmasına istinadən məlumat yayıb.
Məlumata görə, bank 2019-cu ildə ABŞ-ın müvafiq qurumlarına Epşteyn və onunla əlaqəli şirkətlərin iştirak etdiyi təxminən 3 min əməliyyatı əhatə edən 21 şübhəli fəaliyyət hesabatı təqdim edib. Əməliyyatlar 2013-cü ilin oktyabrından 2019-cu ilin mayınadək olan dövrü əhatə edir.
Sənədlərdə qadınlara edilən ödənişlər, ofşor şirkətlər vasitəsilə həyata keçirilən köçürmələr, xeyriyyə ianələrinin mümkün sui-istifadəsi, eləcə də milyarderlər Leon Blek və Qlen Dubindən daxil olan vəsaitlər qeyd olunur.
Qeyd edək ki, Epşteyn 2013-cü ildə, yetkinlik yaşına çatmayan şəxslə bağlı cinayətə görə məhkum edilməsindən beş il sonra “Deutsche Bank”ın müştərisi olub. Bank onunla əməkdaşlığı 2018-ci ilin dekabrında dayandırmaq qərarına gəlib, son iki hesabı isə 2019-cu ilin iyulunda bağlanıb.
“Deutsche Bank” məsələ ilə bağlı açıqlamasında keçmişdə yol verdiyi səhvləri etiraf edib və Epşteynlə əlaqələrindən təəssüfləndiyini bildirib.
Jalə
Report+2 mənbə