Elmar Məmmədov: Penitensiar Xidmətdə islahatlar müsbət nəticələr verir


21.11.2026 - 01:09
Penitensiar Xidmətdə həyata keçirilən institusional yeniliklər, kadr islahatları və xidməti intizamın gücləndirilməsi qurumun fəaliyyətində yeni idarəetmə mərhələsinin əsas istiqamətləri kimi diqqət çəkir. Xidmətin rəisi Sahib Rzayevin rəhbərliyi ilə başlanan bu mərhələ idarəetmədə şəffaflığın artırılması, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və müasir xidmət standartlarının tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Penitensiar Xidmətdə aparılan yenilikləri şərh edərkən deyib.
Onun sözlərinə görə, həyata keçirilən kadr islahatları sistemin peşəkarlığının artırılmasına və xidmət fəaliyyətinin daha səmərəli təşkilinə yönəlib. Yeni əməkdaşların xidmətə qəbulunda tələbkarlığın artırılması, peşəkar hazırlığa və şəxsi məsuliyyətə xüsusi diqqət yetirilməsi sağlam kadr mühitinin formalaşdırılması baxımından vacib addımlardır. Bu yanaşma xidməti intizamın möhkəmləndirilməsi ilə yanaşı, hər bir əməkdaşın üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirməsinə xidmət edir.
Elmar Məmmədov qeyd edib ki, yeni idarəetmə yanaşmasının müsbət nəticələri cəzaçəkmə müəssisələrində də özünü göstərir. Müəssisələrdə yoxlamaların mütəmadi aparılması, daxil olan müraciət və şikayətlərə diqqətin artırılması, daxili intizam qaydalarına riayət olunmasına nəzarətin gücləndirilməsi ümumi fəaliyyətin keyfiyyətinə müsbət təsir göstərən amillərdəndir.
Alyans sədrinin fikrincə, Penitensiar Xidmətdə intizam və tələbkarlığın gücləndirilməsi qanunçuluq prinsipləri, insan hüquqlarına hörmət və təhlükəsizlik tələbləri ilə paralel şəkildə həyata keçirilməlidir. Bu, həm əməkdaşların nümunəvi xidmətinin təmin olunmasına, həm də cəzaçəkmə müəssisələrində sağlam islah mühitinin formalaşdırılmasına zəmin yaradır.
Elmar Məmmədov vurğulayıb ki, Penitensiar Xidmətdə aparılan institusional yenilənmə və məqsədyönlü kadr siyasəti ardıcıl şəkildə davam etdirildiyi təqdirdə, qurumun fəaliyyətinin səmərəliliyinin daha da yüksəlməsinə, ictimai etimadın möhkəmlənməsinə və dövlətin hüquq siyasətinin uğurla həyata keçirilməsinə mühüm töhfə verə bilər.
