“Dünənimiz – bugünümüz” layihəsinin təqdimat mərasimi keçirildi – FOTOLAR


Maqazin
20 Noyabr 2026, 19:31
300 baxış
Azərbaycan musiqi irsinin qorunması və təbliği məqsədilə hazırlanan “Dünənimiz – bugünümüz” adlı layihənin təqdimat mərasimi və media nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Yenicag.az xəbər verir ki, təqdimat mərasimində layihənin ideyası, məqsədi, hazırlanma prosesi və musiqi konsepsiyası haqqında ətraflı məlumat verilib, iştirakçılara layihəni əks etdirən videoçarx nümayiş olunub.
Layihənin əsas məqsədi Azərbaycan musiqi tarixində özünəməxsus yeri olan yeddi görkəmli xanım sənətkarın yaradıcılığını yenidən gündəmə gətirmək, onların unudulmaz ifalarını xatırlatmaq və bu zəngin musiqi irsini müasir auditoriyaya tanıtmaqdır.
Layihə çərçivəsində ustad sənətkarlar Yavər Kələntərli, Fatma Mehrəliyeva, Nərminə Məmmədova, Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova və Zeynəb Xanlarovanın repertuarlarına müraciət olunub.
Həmin sənətkarların yaddaşlara həkk olunmuş ifaları müğənni Yaqut Xəlilzadə tərəfindən müasir formada yenidən təqdim edilib. Layihədə əsas məqsəd orijinal ifaların bədii ruhunu qorumaqla yanaşı, onları yeni musiqi yanaşması ilə bugünkü dinləyicilərə çatdırmaqdır.
Layihənin rəhbəri Asif Kərimov, prodüseri və konsertmeysteri Fərid Atazadə, ifaçısı isə Yaqut Xəlilzadədir.
Təqdimat mərasimindən sonra keçirilən mətbuat konfransında jurnalistlər yaradıcı heyətə suallar ünvanlayıb, layihənin ərsəyə gəlməsi, seçilən sənətkarlar və gələcək planlarla bağlı maraqlanıblar.
Qeyri-peşəkar və zövqsüz musiqilərin tüğyan etdiyi bir zamanda tanınmış musiqişünas Asif Kərimovun yenə də öz ənənəsinə sadiq qalaraq keyfiyyətli musiqilərin təbliğatı üçün belə bir layihə ərsəyə gətirməsi media nümayəndələri və sənət adamları tərəfindən müsbət qiymətləndirilib.
Qeyd edək ki, “Dünənimiz – bugünümüz” layihəsi Azərbaycan musiqisinin görkəmli nümayəndələrinin sənət irsini yaşatmaq, onların yaradıcılığını yeni nəsillərə tanıtmaq və milli musiqi ənənələrinin davamlılığını təmin etmək məqsədi daşıyır.
Cəvahir
1 mənbə
