DSMF-nin idarəetmə xərcləri iki ildə 62 faiz artır


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Mərkəzi Aparatının və digər struktur bölmələrinin saxlanılmasına 2027-ci ildə 189,66 milyon manat vəsait ayrılması proqnozlaşdırılır.
Plat.az xəbər verir ki, bu barədə Hesablama Palatasının DSMF-nin 2027-ci il büdcə layihəsinə rəyində bildirilib.
Sənədə əsasən, bu məbləğ 2026-cı ilin sonuna gözlənilən göstəricidən 18,1%, 2025-ci ilin faktiki xərclərindən isə 62,4% çoxdur.
2026-cı ilin sonuna Fondun saxlanılma xərclərinin 160,57 milyon manat təşkil edəcəyi gözlənilir. Beləliklə, növbəti ildə bu istiqamətdə xərclərin 29,09 milyon manat artması nəzərdə tutulur.
Hesablama Palatası qeyd edir ki, Fondun saxlanılma xərclərinin məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərə nisbəti 2025-ci ildə 1,8%, 2026-cı ildə 2,3% olduğu halda, 2027-ci ildə 2,5%-ə çatacaq.
Qanunvericiliyə əsasən, idarəetmə xərclərinin yuxarı həddi məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 2,5%-i səviyyəsində müəyyən edilib. Hesablama Palatası proqnozlaşdırılan xərclərin bu hədd daxilində olduğunu bildirir.
Bununla yanaşı, Palata idarəetmə xərclərinin maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsini tövsiyə edib. Belə ki, müvafiq hüquqi aktlarda dəyişiklik edilməklə idarəetmə xərclərinin investisiya fəaliyyətindən əldə olunan gəlirlər hesabına maliyyələşdirilməsi təklif olunur.
Banker.az+2 mənbə