Draymond Qrin: "Pul Karriyə ən yaxşı əvəz olub"


"Qolden Steyt Uorriors"un təcrübəli forvardı Draymond Qrin hesab edir ki, komandanın sabiq müdafiəçisi Cordan Pul zədəli Stefen Karrinin yoxluğunda oyunun tempini və üslubunu qorumaqda ən uğurlu oyunçu olub.
Offsideplus.az xəbər verir ki, Qrin bu barədə öz podkastında danışıb. O, 2021/22 mövsümünün sonunu xatırladıb və həmin vaxt Pulun əsas oyunqurucu funksiyasını üzərinə götürdüyünü vurğulayıb: "Yəqin ki, Stefi əvəzləmək və komandanın tempini eyni üslubda saxlamaq baxımından ən yaxşısı Cordan Pul idi. Ondan başqa heç kim Stefen Karri ola bilmədi. Söhbət ondan getmir ki, Pul Karriyə çevrildi, amma 2022-ci ilin həmin aylarında o, həqiqətən də möhtəşəm çıxış etdi. O, bu rolda doğrudan da təsirli idi".
2022-ci ilin əsas mərhələsinin sonunda Karri zədə səbəbindən oyunları buraxanda, Pul 17 qarşılaşmada orta hesabla 25,6 xal və 5,6 assistlə çıxış edib və "Qolden Steyt Uorriors"un pley-off öncəsi mövqeyini qorumasına kömək göstərib. Qrinin bu fikirləri hazırda Karrisiz "Uorriors"un növbəti eniş fonunda səslənib – komanda ardıcıl dörd məğlubiyyət alıb və Qərb Konfransında 8-7 balansı ilə 10-cu pilləyə geriləyib.
