Dövlət qulluğuna qəbulda ÜÇ MÜHÜM DƏYİŞİKLİK: Altqruplar ləğv edilir, vahid keçid balı isə… - ÖZƏL


Dövlət qulluğuna qəbul və inzibati vəzifələrin təsnifatı sistemində mühüm dəyişikliklər edilir. Yeniliklər namizədlərin vakant vəzifələrə müraciət imkanlarını, vəzifə altqruplarının mövcudluğunu və imtahan üzrə keçid balını əhatə edir.
NOCOMMENT.az xəbər verir ki, əvvəllər namizədlər AC sertifikatı əldə etməklə həm BA, həm də BB vəzifə qrupları üzrə elan olunan vakant yerlərə müraciət edə bilirdilər. Bu imkan namizədlərə dövlət qulluğunda hər iki istiqamət üzrə seçim etmək və daha geniş vakansiya dairəsini əhatə etmək imkanı yaradırdı.
Lakin yeni yanaşmaya əsasən, AC sertifikatı ilə hər iki vəzifə qrupu üzrə vakansiyalara müraciət etmək imkanı aradan qalxır. Beləliklə, əvvəlki qaydada bir sertifikat əsasında həm BA, həm də BB qruplarının vakant vəzifələrini seçmək mümkün olmayacaq.
Digər mühüm dəyişiklik inzibati vəzifələrin təsnifatına aiddir. Belə ki, AA, AB, AC, BA və BB inzibati vəzifə qruplarının daxilində mövcud olan 1-ci, 2-ci, 3-cü və 4-cü vəzifə altqrupları ləğv edilir. Xatırladaq ki, vəzifə altqrupları inzibati vəzifə qruplarının daxilində vəzifələrin təsnifatı və imtahan üzrə keçid ballarına uyğun müəyyən edilən bölmələrdir.
Dəyişikliklər çərçivəsində vəzifə altqrupları üzrə fərqli keçid balları əvəzinə vahid keçid balının tətbiqi nəzərdə tutulur. Yeni qaydaya əsasən, dövlət qulluğuna qəbul imtahanı üzrə keçid balı 65 olacaq.
Beləliklə, yeni yanaşma dövlət qulluğuna qəbul sistemində sertifikatlaşdırma, vəzifələrin təsnifatı və imtahan nəticələrinin qiymətləndirilməsi mexanizmini əhatə edən mühüm yenilikləri özündə birləşdirir. Qeyd olunan dəyişikliklər dövlət qulluğuna hazırlaşan namizədlərin imtahan strategiyasına və vakant vəzifələr üzrə seçim imkanlarına birbaşa təsir göstərəcək.