Dini ayinləri oyuna çevirdilər: Pul qazanmağın YENİ YOLU-VİDEO


Dini dəyərlər üzərindən qazanc əldə etmək cəhdi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, sosial şəbəkədə Kəbənin üçölçülü təsviri əsasında hazırlanmış təvaf simulyasiyası vasitəsilə izləyicilərdən virtual hədiyyələr və jetonlar toplanılır.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bəzi istifadəçilər canlı yayımlarda Kəbənin ətrafında fırlanan avatarlar vasitəsilə Həcc ziyarətinin əsas rituallarından biri olan təvafı simulyasiya edirlər. İzləyicilər canlı yayımın şərh bölməsinə “qoşul” yazmaqla sistemə daxil olur və adları əsasında yaradılan avatarları avtomatik olaraq Kəbənin ətrafında hərəkət etdirilir.
Simulyasiyada Həcc ziyarəti ilə bağlı dini anlayışlardan reytinq və qiymətləndirmə sistemi kimi istifadə olunur. Avatarların hərəkəti zamanı ekranda “3 izləyici təvafı tamamladı, qəbul olsun” və “7 şəvt” kimi ifadələr görünür. Canlı yayımların fonunda isə təlbiyə duası və ilahilər səsləndirilir.
İzləyicilərin göndərdiyi virtual hədiyyələrin və jetonların sayına uyğun olaraq simulyasiyada müxtəlif animasiyalar aktivləşdirilir.
Simulyasiyada eyni vaxtda 80-ə qədər istifadəçinin avatarı iştirak edə bilir. Canlı yayım zamanı ən çox virtual hədiyyə və jeton göndərənlər “Ən yaxşı beşlik” adlı reytinq cədvəlində yer alırlar. Bu sistem izləyicilər arasında rəqabət yaradaraq daha çox hədiyyə göndərilməsini təşviq edir.
Məlumata görə, Kəbə və Həcc ziyarəti ilə bağlı anlayışlardan istifadə edən simulyasiyanın proqram təminatının mənbə kodu da müxtəlif internet forumlarında satışa çıxarılıb. Elanlarda onun 750 Türkiyə lirəsindən başlayan qiymətlərlə təklif edildiyi bildirilir.
Təvaf, Zəmzəm suyu, Həcərül-Əsvədi salamlamaq və şeytanı daşlamaq kimi dini ayinlərin virtual hədiyyələr müqabilində aktivləşdirilən animasiyalara çevrilməsi dini dəyərlərin kommersiya məqsədilə istifadəsi ilə bağlı narazılıqlara səbəb olub.
