DİM-in yeni rəhbəri kim olacaq?

4 dəq oxu
Xəbər
Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Məleykə Mehdi qızı Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin olunması təhsil ictimaiyyətində diqqət çəkən hadisələrdən biridir.
Məleykə xanımın uzun illər ərzində Azərbaycan təhsilində gördüyü işlər, xüsusilə qəbul və qiymətləndirmə sisteminin formalaşmasında və inkişafında oynadığı rol xüsusi qeyd olunmalıdır. 1994-cü ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında rəhbər vəzifədə fəaliyyətə başlaması, 2000-ci ildən quruma rəhbərlik etməsi, 2016-cı ildən isə Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə rəhbərlik etməsi böyük idarəçilik təcrübəsinin göstəricisidir.
Onun rəhbərliyi dövründə qəbul imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili, regionlarda imtahan infrastrukturunun genişləndirilməsi, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi, elektron xidmətlərin inkişafı və imtahan nəticələrinin elmi-metodiki təhlili istiqamətində mühüm işlər görülüb.
Ən böyük xidmətlərindən biri isə test üsuluna əsaslanan qəbul sisteminin qorunub saxlanılması və cəmiyyətin bu sistemə etimadının davam etdirilməsidir. Bu sistem sayəsində minlərlə gənc, ailəsinin maddi imkanlarından və sosial mövqeyindən asılı olmayaraq, biliyi ilə ali məktəbə qəbul olmaq imkanı qazanıb.
Məleykə xanımın fəaliyyəti ilə bağlı fərqli fikirlər ola bilər. Lakin ölkənin qəbul sistemində onilliklər ərzində formalaşmış institusional təcrübəni və gördüyü işləri də danmaq olmaz.
İnanıram ki, onun idarəçilik təcrübəsi, elmi potensialı və tələbkarlığı Bakı Dövlət Universitetinin inkişafına, akademik mühitin güclənməsinə və universitetin nüfuzunun daha da yüksəlməsinə töhfə verəcək. Yeni vəzifəsində Məleykə xanıma uğurlar arzulayıram!
Bəs DİM-in yeni rəhbəri kim olacaq?
Bu sual hazırda təkcə təhsil ictimaiyyətini deyil, gələcəyini bilik və zəhmət üzərində qurmaq istəyən minlərlə gənci və onların valideynlərini düşündürür.
Mənim üçün bu təyinatda ən vacib məqam yeni sədrin təhsilin mahiyyətini, müəllimin əməyini, şagirdin zəhmətini və imtahan sisteminin cəmiyyət üçün daşıdığı məsuliyyəti nə dərəcədə dərindən anlamasıdır.
DİM adi bir idarəetmə qurumu deyil. Bura bir gəncin illərlə qurduğu arzunun, valideynin övladı üçün çəkdiyi zəhmətin və biliyin obyektiv qiymətləndirilməsinin ünvanıdır. İllərdir kasıb ailələrin övladları da məhz bilikləri və zəhmətləri hesabına ali təhsil müəssisələrinə qəbul olmaq imkanı qazanırlar. Bu, qorunmalı olan böyük bir ictimai dəyərdir.
Sistemin təkmilləşdirilməsinə ehtiyac ola bilər. Amma onun əsasını təşkil edən şəffaflıq və bərabər imkan prinsipi heç bir halda zəifləməməlidir.
DİM-ə yalnız gəlir və bazar prizmasından baxmaq, bu qurumun ictimai missiyasını unutmaq deməkdir. Allah təhsil sistemimizi təhsilin mahiyyətindən uzaq, bu sahəyə yalnız kommersiya maraqları ilə yanaşan düşüncələrdən qorusun!
Mənbə
1 mənbə



