“DİM Elm və Təhsil Nazirliyi ilə birləşməməlidir”


Məleykə Abbaszadə Azərbaycan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Dövlət başçısının Sərəncamına əsasən, o, Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
Xatırladaq ki, Məleykə Abbaszadə 2016-cı ildən sözügedən vəzifəsini icra edirdi.
Qeyd edək ki, son vaxtlar Dövlət İmtahan Mərkəzinin ləğv ediləcəyi və bu qurumun Elm və Təhsil Nazirliyi (ETN) ilə birləşdiriləcəyi barədə fikirlər səslənir.DİM Elm və Təhsil Nazirliyinə birləşdirilə bilərmi? Bunun üstün və mənfi tərəfləri nə ola bilər?
Məsələ ilə bağlı sabiq təhsil naziri, filologiya elmləri doktoru Firudin Cəlilov “Cebheinfo.az”-a açıqlamasında özünün nazir olduğu müddətdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını yaradarkən Nazirlər Kabinetində humanitar sahəyə aid bir qurum olmasını nəzərdə tutduğunu deyir:
“Çünki o sahədə bir nazir müavini vəzifəsi vardı. Həm də ilk variantda yazmışdım ki, ictimai nəzarət olmalıdır. Bunun üçün tanınmış orta məktəb, universitet müəllimlərindən, ümumiyyətlə, təhsil sahəsindəki alimlərdən onlara nəzarət edəcək bir 5-10 nəfərlik bir rəsmi heyət təşkil edilsin.
Mərhum ziyalı Vurğun Əyyubun TQDK-ya rəhərlik etdiyi dövrdə bu, əsasnamədən çıxarıldı. Mən 35 ildən artıqdır ki, bu sahədən ayrılmışam.Hazırda təhsil sahəsindəki mövcud problemlərə görə ürəyim ağrıyır. Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil Nazirliyi ilə birləşməməlidir.
ETN-nə AMEA-nın bəzi institutlarını da birləşdiriblər. Hazırda bu sahədə aləm bir-birinə qarışıb. Azərbaycanda gündən-günə təhsil və elm sıfırlanır.Bu gün orta məktəblər bərbad vəziyyətdədir. Çünki yuxarı sinif şagirdləri ancaq müəllim hazırlığına gedirlər. Ona görə nə normal ədəbi dildə danışa bilmirlər, nə də yazı qabiliyyətləri var.
DİM Elm və Təhsil Nazirliyindən mütləq ayrı olmalıdır. Məsələn, Türkiyədə bunun örnəyi var. Orada da Türkiyə Respublikası Təhsil Nazirliyi (türk. Türkiye Cumhuriyeti Milli Eğitim Bakanlığı) ilə Tələbə Seçmə və Yerləşdirmə Mərkəzi (Ölçme, Seçme ve Yerleştirme Merkezi) ayrıdır”.
