DİM-də "general təmizliyi" aparılmalıdır!
.png)
.png)
Sevincimin həddi-hüdudu yoxdur! Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Mənim xanım Abbaszadə ilə heç bir şəxsi problemim olmayıb. Təyin edildiyi rektor vəzifəsində də ona uğurlar diləyirəm. Sadəcə, Məleykə Abbaszadə DİM sədri postunda Azərbaycan təhsilini fəlakətə sürükləmişdi. Ölkədə "qara təhsil" bazarının formalaşmasında onun rəhbərlik etdiyi DİM müstəsna rol oynayıb. Məhz bu səbəbdən də Məleykə Abbaszadəni və rəhbərlik etdiyi qurumun fəaliyyətini illərdir tənqid edirdim. İndi mənim üçün məsələ Məleykə Abbaszadənin şəxsiyyəti, fəaliyyəti barədə əvvəlki mübahisələrimiz və ya yeni vəzifəsində necə fəaliyyət göstərəcəyi deyil. Əsas problem DİM-in bundan sonra hansı modeldə işləyəcəyidir. DİM-ə yeni sədr hələ təyin olunmayıb. Fəqət yeni sədrin qarşısında kifayət qədər ciddi vəzifələr dayanır. Zənnimcə, bu təyinatdan əvvəl və ya sonra ilk növbədə DİM-in saysız-hesabsız səlahiyyətləri azaldılmalıdır. İkincisi, DİM-in imtahan maniyasına, testologiya macəraçılığına son qoyulmalı, bu qurum ali məktəblərə qəbul prosesində "vahid pəncərə" rolunu oynamalıdır. Üçüncüsü, ölkədə formalaşmış qara təhsil bazarına qarşı effektiv mübarizə başlanmalıdır. Bu gün ölkəmizdə formalaşan "qara təhsil bazarı" cəmiyyətin bütün sferalarını qarışdırır və sosial böhran yaradır. Təhsil səviyyəsinin kəskin aşağı düşməsi, kriminala və radikal dini cərəyanlara meylin artması ilə "qara təhsil bazarı" arasında birbaşa əlaqə var. Uşağın ali məktəbə qəbuluna hazırlıq illərlə davam edən maliyyə yüküdür. Məhz bunun nəticəsində təhsildə bərabərlik hüququ pozulur. Məktəbin əsas funksiyası kölgədə qalıb. Ali məktəbə gedən yol ailələrin ödəniş qabiliyyətindən asılı vəziyyətə düşüb. Əgər şagird məktəbdə tədris olunan proqramı mənimsəmək üçün mütləq əlavə ödənişli hazırlığa ehtiyac duyursa, bu, təhsil sisteminin qarşısında duran institusional problemdir. Eyni zamanda, ciddi sosial ədalət məsələsidir. Ona görə də DİM-in yeni rəhbərliyi cəmiyyətin xərcəng xəstəliyinə çevrilimiş bu problemin həllində təşəbbüskar olmalıdır. İmtahan sistemi məktəbləri repetitor bazarının müştəri mənbəyinə çevirməməlidir. Əksinə, elə qiymətləndirmə mexanizmi qurulmalıdır ki, şagirdin məktəbdə aldığı keyfiyyətli təhsil onun bilik və bacarıqlarını nümayiş etdirməsi üçün kifayət etsin. Bunun üçün bir neçə istiqamətdə konkret addımlar tələb olunur. İmtahan tapşırıqlarının məktəb proqramı və real təlim nəticələri ilə uyğunluğu yenidən qiymətləndirilməli, məktəblər üzrə tədris keyfiyyəti obyektiv göstəricilərlə ölçülməli, repetitorluğa kütləvi tələbatın səbəbləri araşdırılmalıdır. Məktəbdə dərs deyən müəllimin eyni şagirdə məktəbdən kənarda ödənişli hazırlıq keçməsi zamanı yarana biləcək maraqlar toqquşmasının qarşısı alınmalıdır. Təhsil xidmətləri bazarında şəffaflıq və qanunauyğunluq təmin edilməlidir. Digər mühüm məsələ qəbul sisteminin ölkənin real kadr ehtiyacları ilə əlaqələndirilməsidir. Dövlətin mütəxəssisə ehtiyacı olduğu halda, bəzi ixtisaslar üzrə plan yerlərinin boş qalması absurddur. Magistratura səviyyəsində kadr hazırlığı ilə bağlı problemlərin yeni baxışa ehtiyacı var. Doktoranturaya qəbul üçün ingilis dili şərti yerli-dibli ləğv edilməlidir. Süni İntellekt dövründə bu artıq süni tələbdir. Dövlət qulluğuna qəbul proqramı kökündən dəyişdirilməlidir. Bu gün BDU-nun hüquq fakültəsinin məzunları üçün belə Məleykə Abbazadənin "proqram"ı çətin və əsassızdır. DİM-in məzunlara "get, evdə hazırlaş, sonra gəl" tələbi qoyması təhsil sistemi üçün rəzillikdir. Bəli, DİM-in yeni sədri kabinetinə bu cür ağır problemlərlə daxil olacaq. Əgər yeni sədr də Məleykə Abbaszadənin yolu ilə gedəcəksə, o zaman ölkədə real təhsil islahatlarının aparılması üçün daha bir neçə il itiriləcək. Odur ki, DİM-in yeni sədri özünü deyil, təhsili düşünən fiqur olmalıdır. Taleh ŞAHSUVARLI
