Deputat: Növbəti ilin dövlət büdcəsində Dayanıqlı İnkişaf Məqsədləri hədəflənib


Bakı, 19 noyabr, AZƏRTAC
Ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsində, makroiqtisadi sabitliyin qorunmasında və qarşıya qoyulan strateji hədəflərin maliyyə təminatında dövlət büdcəsi əməli rol oynayır. Bu baxımdan, ölkənin növbəti il üçün əsas maliyyə sənədi olan Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin layihəsi Maliyyə Nazirliyi tərəfindən qanunvericiliyin tələblərinə və dövlət maliyyə idarəçiliyi prinsiplərinə uyğun şəkildə yüksək peşəkarlıqla hazırlanıb. Layihə ilkin mərhələdə Baş nazirin sədrliyi ilə İqtisadi Şurada müzakirə olunub, bütün makroiqtisadi risklər və prioritet istiqamətlər nəzərə alınmaqla təkmilləşdirilib və müvafiq qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib. Daha sonra ölkə Konstitusiyasının tələblərinə və büdcə təqviminin prosedurlarına uyğun olaraq, hazırda həmin büdcə zərfi Milli Məclisdə geniş və hərtərəfli müzakirə olunur. Parlamentdə keçirilən müzakirələr zamanı hökumət nümayəndələrinin, müvafiq nazirliklərin rəhbərlərinin və deputatların fəal iştirakı, səsləndirilən konstruktiv təkliflər, aparılan fikir mübadilələri qanun layihəsinin ictimai və siyasi əhəmiyyətini bir daha nümayiş etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
O qeyd edib ki, qanunvericilik təşəbbüsü ilə çıxış edən Maliyyə Nazirliyinin müəllifi olduğu "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə dair İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Hesablama Palatası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və parlamentin aidiyyəti komitələrinin rəhbərliklərinin təqdimatlarında səsləndirdikləri real makroiqtisadi göstəricilər, iqtisadi artım proqnozları, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, eləcə də dəqiq maliyyə əsaslandırmaları qarşıdakı ildə dövlət büdcəsi vəsaitlərindən səmərəli, şəffaf və hədəfyönümlü istifadə olunacağını deməyə əsas verir.
Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə həyata keçirilməsi istiqamətində görülən ardıcıl işlər
Deputatın sözlərinə görə, ölkəmizin qlobal çağırışlara həssas yanaşması, beynəlxalq təşəbbüslərə fəal qoşulması və üzərinə götürdüyü öhdəlikləri yüksək səviyyədə icra etməsi 2027-ci ilin də büdcə siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu kontekstdə, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milli səviyyədə həyata keçirilməsi istiqamətində görülən ardıcıl işlər Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır. Cari il üzrə Dayanıqlı İnkişaf Hesabatına əsasən, Azərbaycan 74,31 balla DİM İndeksi üzrə reytinqə daxil edilən 169 ölkə arasında 52-ci yerdə qərarlaşıb. Ümumiyyətlə, ölkəmiz DİM İndeksi üzrə reytinqdə öz mövqeyini davamlı olaraq yaxşılaşdırır və nəticələrin yüksələn dinamika nümayiş etdirdiyi açıq şəkildə müşahidə olunur. Belə ki, büdcə xərclərinin formalaşmasında da həmin hədəflər əsas meyar kimi götürülür.
“Cari il ilk dəfə büdcə xərclərinin DİM-lər üzrə işarələnməsinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində mühüm institusional islahatlar həyata keçirilib. Hazırda təhsil, səhiyyə, sosial müdafiə, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və digər zəruri sektorlar üzrə nəzərdə tutulan xərclərin 14 milyard manatdan çox hissəsi birbaşa müvafiq DİM hədəfləri ilə əlaqələndirilib. Gələn ildən etibarən bu mexanizmin təkmilləşdirilərək həm birbaşa, həm də dolayı təsirlərin nəzərə alınması ilə tətbiq edilməsi büdcə resurslarının səmərəliliyini artırmağa, eləcə də vəsaitlərin dayanıqlı inkişaf prioritetlərinə nə dərəcədə töhfə verdiyini sistemli şəkildə izləməyə imkan verir. Xüsusilə "Kənd təsərrüfatı" və "Ətraf mühitin mühafizəsi" sektorları üzrə iqlim dəyişikliyi ilə mübarizəyə yönəldilən vəsaitlərin miqyası ölkəmizin yaşıl iqtisadiyyat və ekoloji təhlükəsizlik siyasətinə sadiqliyini bir daha təsdiq edir.
Bununla yanaşı, təqdim olunan büdcə zərfində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri növbəti il də dövlət maliyyə siyasətinin mütləq prioritetlərindən biri olaraq qalır. Bölgənin iqtisadi dövriyyəyə daxil edilməsi, müasir infrastrukturun yaradılması və Böyük Qayıdış Dövlət Proqramının uğurla icrası üçün zəruri maliyyə vəsaitlərinin mərkəzləşdirilmiş qaydada ayrılması ölkəmizin iqtisadi suverenliyinin daha da möhkəmlənməsinə xidmət edir”, - deyə deputat bildirib.
Məzahir Əfəndiyev vurğulayıb ki, 2027-ci ilin dövlət büdcəsi layihəsində Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinin dərinləşdirilməsi və iqtisadi prioritetlərlə uzlaşdırılması "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in və müvafiq Dövlət Proqramlarının icrasını əhəmiyyətli dərəcədə sürətləndirir. Aparılan bu məqsədyönlü islahatlar, şəffaf idarəetmə mexanizmləri və strateji layihələr gələcək illərdə BMT-nin müvafiq hesabatlarında Azərbaycanın DİM indeksinin daha da yüksələcəyini, ölkəmizin qlobal davamlı inkişaf xəritəsində mövqeyinin daha da möhkəmlənəcəyini əminliklə deməyə əsas verir.
Dərc vaxtına görə
