“Danışmaqxana” söhbəti böyüdü - Firudin Cəlilovdan Səyyad Arana SƏRT etiraz


Deputat Səyyad Aranın parlamenti “danışmaqxana” adlandırması və spiker Sahibə Qafarovanın bu ifadəyə etiraz etməsi ətrafında müzakirələr davam edir. Diqqət çəkən məqamlardan biri də parlamentin mahiyyəti və adlandırılması ilə bağlı tarixi fikri yenidən gündəmə gətirib.
Belə ki, Azərbaycanın dahi bəstəkarı və publisisti Üzeyir Hacıbəylinin parlament haqqında vaxtilə səsləndirdiyi, bu gün də aktuallığını qoruyan maraqlı mülahizəsi xatırlanır. Üzeyir bəy parlament, Duma və Məclis anlayışlarını müqayisə edərək yazırdı:
“Parlament sözü fransızca "parla" sözündən götürülüb, "danışmaq" deməkdir. Bəzi ölkələrdə ona "Duma" deyirlər, bu da "dumat", "fikirləşmək" sözündəndir. Bizdə "Məclis" deyirlər. Məclis də iki cürdür: toy məclisi, yas məclisi. Yas məclisində molla danışır, biz "Amin" deyirik, toy məclisində isə tamada danışır, biz əl çalırıq...”
Bəs "danışmaqxana” sözü Azərbaycan dilinin söz yaradıcılığı qaydaları baxımından nə dərəcədə düzgündür?
Keçmiş təhsil naziri, professor Firudin Cəlilov Musavat.com-a açıqlamasında Səyyad Aranın Milli Məclisi “danışmaqxana” adlandırmasına etiraz edib: "Səyyad Aranın xətrini çox istəyirəm, yaxşı adamdır. Amma onun Milli Məclisi “danışmaqxana” adlandırması düzgün deyil. Niyə düzgün deyil? Çünki “parlament” sözü də alınmadır, “xana” isə fars mənşəli sözdür".
Firudin Cəlilov hesab edir ki, Azərbaycan dili ərəb-fars mənşəli sözlərdən mümkün qədər təmizlənməli, onların yerinə milli söz ehtiyatımızda olan ifadələrə üstünlük verilməlidir: “Biz ərəb-fars mənşəli sözlərdən mümkün qədər qurtulmağa çalışmalıyıq. Ona görə də “danışmaqxana” sözü uğurlu seçim deyil. “Danışmaq yeri” desəydi, bəlkə də müəyyən mənada qəbul etmək olardı. Amma “xana” sözünü dövlət qurumunun adına gətirmək düzgün deyil”.
Professor qeyd edib ki, qədim tariximizdə qurultay mənasında “toy” sözündən istifadə olunub: “Məsələn, “toya toplandılar, toyda məsələləri həll etdilər” ifadələri işlənib. “Dədə Qorqud”da isə “dərnək” anlayışına rast gəlirik. İnsanlar dərnəyə toplaşaraq müxtəlif məsələləri müzakirə edirdilər. Ancaq indiki parlamentə “dərnək” demək də o qədər uğurlu səslənmir".
Firudin Cəlilovun fikrincə, dilimizdə elə sözlər var ki, onları dəyişməyə ehtiyac yoxdur: “Çünki həmin sözlər artıq beynəlxalq terminlərə çevrilib. Məsələn, ermənilər telefon əvəzinə “hayeren”, televiziya əvəzinə isə başqa söz işlədirlər. Amma dünyanın əksər xalqları “telefon”, “televiziya” terminlərindən istifadə edir. Yəni beynəlxalq termin kimi qəbul olunmuş sözləri dilimizdə saxlamaq lazımdır. Bununla belə, çalışmalıyıq ki, alınma sözlərin mümkün qədər çoxunu öz sözlərimizlə əvəz edək. Məsələn, “kitabxana” sözünü “kitab evi” ilə əvəz etmək olar. Hətta özüm “kitab” sözündən çox “bitik” sözünü işlədirəm. “Dədə Qorqud”da da “bitik” sözünə rast gəlirik. Ona görə də “bitik evi” ifadəsindən istifadə etmək mümkündür”.
Dərc vaxtına görə
Moderator.az xəbər portalıoxuduğunuz
“Danışmaqxana” söhbəti böyüdü - Firudin Cəlilovdan Səyyad Arana SƏRT etiraz
