Danimarka ABŞ-nin Qrenlandiyada hərbi mövcudluğunu genişləndirməsinə razılıq verib


Danimarka parlamenti ABŞ ilə Qrenlandiya arasında imzalanan müdafiə və təhlükəsizlik sazişini yekdilliklə təsdiqləyib, sənəd Vaşinqtona adada yeni hərbi obyektlər yaratmaq və “Golden Dome” raketdən müdafiə sistemini yerləşdirmək imkanı verir.
Ordu.az xəbər verir ki, bu barədə Qrenlandiya hökuməti məlumat yayıb.
Sentyabr ayında Nyu-Yorkda imzalanan saziş həm Danimarka parlamenti, həm də Qrenlandiya parlamenti tərəfindən təsdiqlənib. Sənədin qüvvəyə minməsi üçün növbəti mərhələ Danimarka Xarici İşlər Nazirliyinin diplomatik nota vasitəsilə ABŞ-yə rəsmi bildiriş göndərməsidir.
Sazişin diqqətçəkən məqamlarından biri ABŞ-yə Qrenlandiyada “Golden Dome” raketdən müdafiə sistemini qurmaq imkanı verilməsidir. Bundan əlavə, Vaşinqton adada iki yeni hərbi zona yaratmaq hüququ əldə edir.
“Golden Dome” layihəsi ABŞ ərazisini ballistik, hipersəs və digər qabaqcıl raket təhdidlərindən qorumağı hədəfləyən çoxqatlı raketdən müdafiə arxitekturasıdır. Qrenlandiyanın coğrafi mövqeyi Şimal qütbü üzərindən gələ biləcək potensial raket təhdidlərinin erkən aşkarlanması, izlənilməsi və qarşısının alınması baxımından strateji əhəmiyyət daşıyır.
Saziş çərçivəsində Qrenlandiyada xarici investorların təhlükəsizlik səbəbləri ilə yoxlanılmasına imkan verən yeni qanunvericilik aktının hazırlanması da nəzərdə tutulur. Bu, xüsusilə kritik infrastruktur, strateji obyektlər və müdafiə baxımından həssas sahələrə yatırımların milli təhlükəsizlik baxımından araşdırılmasına şərait yaradacaq.
ABŞ hazırda Qrenlandiyada Pituffik Kosmik Bazası vasitəsilə hərbi və kosmik fəaliyyətlərini davam etdirir. ABŞ Kosmik Qüvvələri tərəfindən idarə olunan bu obyekt kosmik üstünlüyün qorunması, hərbi qüvvələrin yerləşdirilməsi və Arktika regionunda elmi tədqiqatların aparılması baxımından mühüm vəzifələri yerinə yetirir.
Şimali Amerika ilə Avropa arasında strateji mövqedə yerləşən Qrenlandiya erkən xəbərdarlıq radarları, raketlərin izlənilməsi sistemləri və kosmik müşahidə infrastrukturu baxımından kritik ərazi hesab olunur.
Yeni sazişlə yaradılacaq iki hərbi zonanın vəzifələri və əməliyyat strukturu ilə bağlı təfərrüatlar hələ dəqiqləşdirilməyib. Danimarkanın müdafiə naziri Yeppe Bruus ABŞ administrasiyasından bu zonaların istifadə məqsədləri və fəaliyyət qaydaları barədə daha konkret açıqlamalar gözlədiklərini bildirib.
Saziş ABŞ-nin adadakı hərbi fəaliyyət imkanlarını genişləndirsə də, Danimarkanın Qrenlandiya üzərində suverenliyini bir daha təsdiqləyir. Sənəddə Qrenlandiya xalqının öz gələcəyi ilə bağlı qərar vermək və öz müqəddəratını təyin etmək hüququnun qorunması da açıq şəkildə vurğulanır.
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen sazişin təsdiqlənməsini məmnuniyyətlə qarşıladıqlarını bildirib. O, razılaşmanın Qrenlandiyanın öz müqəddəratını təyin etmək hüququna və Arktika regionundakı strateji mövqeyinə əsaslandığını qeyd edib. Nilsen Qrenlandiyanın gələcəyi ilə bağlı qərarlarda söz sahibi olmaqda davam edəcəyini vurğulayıb.
ABŞ dövlət katibi Marko Rubio isə sazişin ABŞ, Danimarka və Qrenlandiya arasında müdafiə tərəfdaşlığını müasirləşdirdiyini bildirib.
Razılaşma ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-nin nəzarətinə götürmək barədə açıqlamalarının NATO daxilində ciddi diplomatik gərginliyə səbəb olmasından sonra əldə edilib.
Tramp 2026-cı ilin yanvarında Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyətini vurğulayaraq adanın nəzarətinin Vaşinqtona keçməli olduğunu müdafiə etmiş, hərbi gücdən istifadə ehtimalını da istisna etməmişdi. Bu açıqlamalar NATO üzvü Danimarka ilə ABŞ arasında ittifaqın gələcəyinə də təsir edə biləcək böhrana səbəb olmuşdu.
Yeni saziş ABŞ-nin Arktika regionundakı hərbi imkanlarını genişləndirməklə yanaşı, Danimarkanın suverenliyini və Qrenlandiyanın siyasi statusunu hüquqi çərçivədə qorumağa yönəlmiş kompromis kimi qiymətləndirilir.
ABŞ Senatının təsdiqini tələb etməyən icra sazişi Danimarkanın daxili hüquqi prosedurların tamamlandığı barədə Vaşinqtona diplomatik nota göndərməsindən sonra qüvvəyə minəcək.
Danimarkanın müdafiə naziri Bruus tərəflərin xarici investisiyaların təhlükəsizlik baxımından yoxlanılmasını təmin edəcək qanunvericilik aktının hazırlanmasına da başlayacağını açıqlayıb.
Sevinc Əliyeva Ordu.az
1 mənbə