Dana Uayt Əbu-Dabidəki qalmaqallı davaya münasibət bildirib


Əbu-Dabidə keçirilən Real American Freestyle güləş tədbiri öncəsi Usman Nurmaqomedov, Umar Nurmaqomedov və Merab Dvalişvili arasında yaşanan insident MMA dünyasında böyük səs-küyə səbəb olub. Nurmaqomedov qardaşlarının hər birinə altı ay həbs cəzası verilməsi bu qarşıdurmanı qəfəsdən kənara çıxarıb və hüquqi müstəviyə daşıyıb.
Offsideplus.az xəbər verir ki, UFC-nin baş icraçı direktoru Dana Uayt məsələ ilə bağlı açıqlama verib. O, hadisələrin bu qədər sürətlə böyüməsinə təəccübləndiyini gizlətməyib. "Onların altı ay həbs cəzası aldıqlarını bilirəm. Bu, həqiqətən dəhşətlidir. Görünür, RAF-da belə hadisələr tez-tez baş verir və onlar buna öyrəşiblər," – deyə Uayt bildirib.
Qeyd edək ki, ötən çərşənbə günü yayılan görüntülərdə Usman Nurmaqomedovun komandasının Dvalişvili və dostuna hücum etdiyi iddia olunur. Hər iki idmançı RAF tədbirində iştirak etməli idi, lakin bir-birilə qarşılaşmaları nəzərdə tutulmamışdı. Usmanın Dvalişvilini sillələməsi ilə başlayan mübahisə böyük davaya çevrilib. Hadisədən sonra Nurmaqomedov qardaşları həbs edilib, Dvalişvili və dostu isə cərimələndikdən sonra azadlığa buraxılıb. Maraqlıdır ki, hazırda Merab Dvalişvili Nurmaqomedov qardaşlarının azadlığa buraxılmasını tələb edir.