COP31-də iqlim maliyyələşməsinin artırılmasına çağırış


Peru inkişaf etmiş ölkələri iqlim dəstəyini və maliyyələşməni artırmağa çağırıb. Ölkənin ətraf mühit naziri Vladimiro Huarok bildirib ki, xüsusilə El-Ninyo hadisəsinin mümkün təsirlərinə hazırlaşmaq üçün beynəlxalq dəstək və texnologiyaya çıxış vacibdir.
Plat.az xəbər verir ki, nazir bu fikirləri Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin COP31 iqlim konfransı çərçivəsində “Anadolu” agentliyinə müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, Peru hökuməti El-Ninyo ilə bağlı risklərə qarşı tədbirlər görmək məqsədilə 60 günlük fövqəladə vəziyyət elan edib. Ölkədə bu istiqamətdə 8 milyard sol — təxminən 2,35 milyard ABŞ dolları vəsait ayrılıb.
Huarok qeyd edib ki, mümkün iqlim fəsadları ölkənin müxtəlif ərazilərində fərqli problemlər yarada bilər. Şimal sahillərində daşqın və güclü yağışlar, cənub yüksəkliklərində isə quraqlıq riski mövcuddur.
Nazir beynəlxalq əməkdaşlığın yalnız təcili tədbirlər üçün deyil, zərər görəcək məktəblərin və səhiyyə müəssisələrinin gələcək bərpası üçün də əhəmiyyətli olduğunu vurğulayıb.
