Çindəki qarşılanmanın gizli mənası

2 dəq oxu
Xəbər
7 18.11.2026 17:22 Dünya A A
Çində ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin qarşılanması arasında diqqətçəkən fərq müşahidə olunub. Pekin Trampa göstərdiyi protokol münasibəti ilə iki dövlət başçısına fərqli yanaşdığını nümayiş etdirib.
Musavat.com xəbər verir ki, noyabrın 18-də Çinin Şençjen şəhərinə gələn Donald Trampı təyyarənin pilləkəni qarşısında şəxsən Çin lideri Si Cinpin qarşılayıb.
Yayılan videogörüntülərdə Trampın təyyarədən endikdən sonra Si Cinpinlə qucaqlaşdığı görünür.
Putini isə Si Cinpinin ən yaxın adamı qarşıladı
Maraqlıdır ki, bir gecə əvvəl eyni şəhərə gələn Vladimir Putini hava limanında Çin lideri deyil, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin dəftərxana rəhbəri Tsay Tsi qarşılayıb.
Bununla belə, “South China Morning Post” nəşrinin məlumatına görə, Putinə göstərilən qarşılama mərasimi ondan əvvəl Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitinə gəlmiş digər xarici liderlərə göstərilən münasibətdən daha yüksək səviyyədə olub.
Üstəlik, Tsay Tsi Çin rəhbərliyində sıradan bir məmur deyil. “The Economist” onu ölkənin ikinci ən nüfuzlu siyasi fiquru və Si Cinpinin ən yaxın silahdaşlarından biri kimi xarakterizə edib.
Buna baxmayaraq, Trampın birbaşa Çin lideri tərəfindən qarşılanması diplomatik protokol baxımından xüsusi diqqət çəkib.
Putin üçün üçtərəfli görüş niyə vacibdir?
Noyabrın 19-na Tramp, Putin və Si Cinpinin iştirakı ilə üçtərəfli görüş planlaşdırılıb.
Karnegi Rusiya və Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Aleksandr Qabuyevin fikrincə, bu görüş Moskva üçün ilk növbədə simvolik əhəmiyyət daşıyır.
Ekspert hesab edir ki, Putin dünyanın iki ən böyük güc mərkəzinin liderləri ilə eyni masa arxasında əyləşməklə Rusiyanın qlobal siyasətdə əsas oyunçulardan biri olaraq qaldığını nümayiş etdirməyə çalışır.
Beş ay əvvəl vəziyyət əksinə idi
Diqqətçəkən məqam odur ki, may ayında Putin və Trampın Çinə səfəri zamanı tamamilə fərqli mənzərə yaranmışdı.
Həmin vaxt Putini Çin Kommunist Partiyası Siyasi Bürosunun üzvü, Trampı isə nə Siyasi Büroya, nə də Mərkəzi Komitəyə daxil olan yüksək vəzifəli məmur qarşılamışdı.
Beləliklə, bu dəfə Çin rəhbərliyinin Trampa göstərdiyi xüsusi diqqət iki liderin qarşılanması arasındakı fərqi gündəmə gətirib. Bununla belə, hava limanındakı protokol fərqini Pekinin Moskva ilə münasibətlərini zəiflətməsi kimi qiymətləndirmək üçün hələlik kifayət qədər əsas yoxdur.
Musavat.com
Mənbə
1 mənbə



