Çin və Kanada arasında yeni ticarət razılaşması əldə olunub


Çin və Kanada ticarət əlaqələrini genişləndirmək və qarşılıqlı tarif güzəştlərini artırmaq barədə razılığa gəliblər.
Xitab24.az Associated Press agentliyinə istinadən xəbər verir ki, razılaşma Çin Prezidenti Si Cinpinlə Kanadanın Baş naziri Mark Karninin Şençjen şəhərində keçirilən görüşündə əldə olunub.
Razılaşmaya əsasən, Çin Kanadadan idxal edilən təxminən 400 milyon Kanada dolları dəyərində məhsula, o cümlədən dondurulmuş donuz əti, balıq və digər dəniz məhsullarına tətbiq olunan tarifləri azaldacaq.
Kanada isə Çindən idxal edilən müəyyən polad və alüminium məhsullarına tarif güzəştlərinin müddətini daha iki il uzadacaq.
Mark Karni bildirib ki, ölkəsi 2030-cu ilə qədər Çinə ixracını 50 faiz artırmaq hədəfinə nəzərdə tutulduğundan daha sürətlə yaxınlaşır.
Tərəflər energetika, kənd təsərrüfatı, maliyyə, süni intellekt və rəqəmsal iqtisadiyyat sahələrində də əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti ərəfəsində baş tutub.
İki ölkənin liderləri qarşılıqlı fikir ayrılıqlarının azaldılmasının və iqtisadi münasibətlərin sabit inkişafının vacibliyini vurğulayıblar.
