Çin bombardmançısının Manila yaxınlığında manevri raket ehtimalları ilə bağlı müzakirələrə səbəb olub


Çinin H-6 bombardmançısı Cənubi Çin dənizi üzərində açıq uçuş izləmə xəritəsində qısa müddətə görünüb və Skarboro rifindən Filippinin paytaxtı Manilaya doğru dövrəvi uçuş həyata keçirib.
Ordu.az xəbər verir ki, bu barədə müdafiə jurnalisti Mayk Yeo sosial şəbəkədə uçuş marşrutunun görüntüsünü paylaşıb.
Yeo Asiya-Sakit Okean regionunu işıqlandıran müdafiə jurnalistidir. O, paylaşımında Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinə məxsus bombardmançının uçuş izləmə saytında cəmi bir dəqiqə göründüyünü bildirib.
Uçuş marşrutu şimal-qərbdən başlayaraq şərqə, Luzon adasının sahillərinə doğru istiqamətlənib, daha sonra kəskin dövrə vuraraq geri qayıdıb. Dövrə hər iki ölkənin iddia irəli sürdüyü Skarboro rifinin şərqində yerləşib.
Hərbi təyyarələr adətən mövqelərini göstərən transponderləri söndürülmüş vəziyyətdə uçurlar. Buna görə də onların açıq uçuş izləmə sistemlərində görünməsi qeyri-adi hal hesab olunur.
Təyyarənin manevri internetdə müxtəlif ehtimalların ortaya çıxmasına səbəb olub. Çin hərbi məsələləri ilə bağlı şərhlər paylaşan və “Dianbo” adı ilə tanınan X istifadəçisi bombardmançının Maniladan təxminən 170 kilometr məsafədə dövrə vurduğunu iddia edib.
Həmin istifadəçi təyyarənin 240 kilometr mənzilə malik olduğu bildirilən AKD-63B “hava-yer” raketinin buraxılışını imitasiya etmiş ola biləcəyini irəli sürüb.
Çinin H-6 bombardmançıları bu il Skarboro rifi üzərində dəfələrlə uçuş həyata keçirib. Avqust ayında Pekin Filippin sahillərindən 120 dəniz mili məsafədə yerləşən rifə desant qrupu və dəniz zərbə bombardmançıları göndərib.
Əvvəlki patrul uçuşlarında H-6 təyyarələri 500 kilometr məsafədəki hədəfləri vura bilən YJ-12 səsdən sürətli gəmi əleyhinə raketləri daşıyıb.
Çinin 1950-ci illərə aid Sovet layihəsi əsasında yaradılmış, turbofan mühərrikləri, havada yanacaqdoldurma və uzaqmənzilli qanadlı raketlərlə modernləşdirilmiş H-6 ailəsinə məxsus təxminən 219 bombardmançısı var.
Filippin isə buna öz raket imkanları ilə cavab verib. Filippin Dəniz Piyadaları Korpusu Zambales bölgəsində Skarboro rifini vurmaq imkanına malik “BrahMos” raket batareyasına sahibdir.
Sevinc Əliyeva Ordu.az