Çhat Puca bayramının rəngləri və ənənələri Azərbaycanda


Dərc olunub: Bu gün, 22:03
Bölmə: Video
Hindistanın Bakıdakı Səfirliyi 19 noyabr 2026-cı il tarixində qədim Hindistan bayramı olan Çhat Pucanın (Chhath Puja) zəngin ənənələrini, ayinlərini və mədəni əhəmiyyətini tanıtmaq məqsədilə interaktiv tədbir təşkil edib.
Tədbirdə yerli Azərbaycan vətəndaşları və Azərbaycanda yaşayan Hindistan diasporunun nümayəndələri böyük həvəslə iştirak edərək bu bayramla bağlı mərasimlərlə tanış olub, onun ənənələrini yaxından öyrənmək imkanı əldə ediblər.
Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar Hindistanı festivallar ölkəsi kimi səciyyələndirərək vurğulayıb ki, bu bayramlar yalnız şənlik və qeyd etmə mərasimləri deyil, həm də ölkənin sivilizasiya irsinin və əbədi dəyərlərinin təzahürüdür. Çhat Pucanın əhəmiyyətindən bəhs edən səfir qeyd edib ki, bu bayram Günəş Tanrısı Surya Devə və onun bacısı Çhathi Mayyaya həsr olunub və həyatın, eləcə də yaşayışın mənbəyi olan təbiətə minnətdarlığı simvolizə edir. O, bayramın dörd gün davam edən mərasimlərində əks olunan yüksək intizamı, sədaqəti və sadəliyi, xüsusilə ciddi orucu və batan, eləcə də doğan Günəşə Arqya verilməsi ənənəsini xüsusi vurğulayıb. Səfir, həmçinin qeyd edib ki, Hindistan diasporunun dünyanın müxtəlif ölkələrində mövcudluğu sayəsində Çhat Puca coğrafi sərhədləri aşaraq getdikcə daha geniş şəkildə qeyd olunur və özündə minnətdarlıq, ətraf mühitə həssas münasibət və təbiətlə harmoniyanı ehtiva edən ümumbəşəri mesajı bütün dünyaya çatdırır.
Tədbir çərçivəsində Çhat Pucaya həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib. Filmdə bayramın müxtəlif aspektləri, əhəmiyyəti və qeyd olunmasının ayrı-ayrı mərhələləri əks olunub. Həmçinin dünyanın müxtəlif ölkələrində keçirilən Çhat Puca mərasimlərindən görüntülər təqdim edilərək bayramın qlobal miqyasda artan populyarlığı diqqətə çatdırılıb.
Proqram Hindistan diasporunun nümayəndələri tərəfindən ifa olunan nəğmələr və bhacanlardan (bhajan) ibarət rəngarəng musiqi çıxışları ilə davam edib. İfaçılar tamaşaçılara xoş anlar yaşadaraq tədbirin bayram ab-havasını daha da zənginləşdiriblər. Hindistan mətbəxinin müxtəlif ləziz təamlarının təqdim olunduğu ziyafət isə axşama xüsusi rəng qataraq proqramın səmimi və xoş atmosferdə başa çatmasını təmin edib.
Dərc vaxtına görə
Avrasiya İAoxuduğunuz
Çhat Puca bayramının rəngləri və ənənələri Azərbaycanda
