Ceyhun Cəlilovun köməkçisinin Naxçıvanda nazirlərə və icra başçılarına “otboy” əmri verdiyi WhatsApp qrupunda fəaliyyət dayandırıldı


Naxçıvan Muxtar Respublikasında nazirlərin, icra başçılarının və digər qurum rəhbərlərinin daxil olduğu WhatsApp qrupunda bir ilə yaxındır tətbiq edilən “otboy” komandası dayandırılıb.
Qeyd edək ki, “otboy” hərbi termindir. Hərbi hissələrdə və yataqxanalarda gecə yatmaq üçün verilən əmr mənasında işlədilir.
ANZ.AZ-ın əldə etdiyi məlumata görə, sözügedən qrup Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun köməkçisi Sədrəddin Həsənov tərəfindən idarə olunurdu.
Məlumata əsasən, bir ilə yaxındır ki, qrup vasitəsilə nazirlərə, icra başçılarına və digər qurum rəhbərlərinə iş gününün sonunda iş yerindən nə vaxt gedə biləcəkləri barədə göstərişlər verilirdi.
Sədrəddin Həsənovun qrupda paylaşdığı tapşırıqlar arasında rəhbər heyətin yay iş rejiminə keçməsi, eləcə də iş yerini hansı saatda tərk etməli olması ilə bağlı göstərişlərin də yer aldığı bildirilir.
Əldə etdiyimiz məlumata görə, köməkçinin nazirlərə, icra başçılarına və digər yüksəkvəzifəli şəxslərə iş yerindən nə vaxt gedə biləcəkləri barədə göstəriş verməsi rəhbər heyət arasında narazılıq yaratsa da, bu narazılıqlar açıq şəkildə dilə gətirilmirdi.
Hazırda WhatsApp qrupu silinməsə də, burada əvvəlki qaydada “otboy” komandası verilmir və qrupun fəaliyyəti faktiki olaraq dayanıb.
Nazirlərin və icra başçılarının iş vaxtının bu formada tənzimlənməsinin hansı zərurətdən irəli gəldiyi, eləcə də bir ilə yaxın davam edən qaydanın nə üçün dayandırıldığı barədə rəsmi açıqlama verilməyib.
Report+20 mənbə