CECECO Türkiyənin Külək Enerjisi Assosiasiyası ilə memomrandum imzalayıb


Bakı, 18 noyabr, AZƏRTAC
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi (CECECO) və Türkiyə Külək Enerjisi Assosiasiyası (TÜREB) bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.
CECECO-dan AZƏRTAC-a bildirilib ki, sənəd Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində imzalanıb.
Memorandumu CECECO-nun icraçı direktoru Aysel Yaqubova və TÜREB-in Müşahidə Şurasının üzvü Volkan Yiğit imzalayıblar.
Saziş bərpaolunan enerji texnologiyalarının, xüsusilə quruda və dənizdə külək enerjisi istehsalının inkişafına dəstək göstərilməsini, həmçinin regionda enerji keçidini sürətləndirmək məqsədilə institusional əlaqələrin gücləndirilməsini, bilik və təcrübə mübadiləsini nəzərdə tutur.
Tərəflər təmiz enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığı genişləndirmək, qabaqcıl texnologiyaların tətbiqinə, eləcə də peşəkar bilik və bacarıqların mübadiləsinə dəstək göstərmək niyyətindədirlər.
Dərc vaxtına görə