® Caspian Business Hub - Xəzər regionunda beynəlxalq biznes əməkdaşlığının yeni modeli


Moskvada Azərbaycan-Rusiya İşgüzar Şurasının dəstəyi ilə Xəzər regionu ölkələrində biznes əməkdaşlığının inkişafına yönəlmiş “tpe” şirkətinin yeni beynəlxalq layihəsi – Caspian Business Hub-un (CBH) təqdimatı keçirilib.
Tədbirdə beynəlxalq bazarlarda fəaliyyətini genişləndirmək, strateji tərəfdaşlar tapmaq, birgə investisiya və sənaye layihələri həyata keçirməkdə maraqlı olan şirkət rəhbərləri, investorlar və biznes ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyəti sədrinin müşaviri Stanislav Aleksandrov çıxış edib. O, Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının möhkəm təməllərə söykəndiyini və onun daha da inkişaf etdirilməsi üçün böyük potensiala malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, iki ölkə arasında qarşılıqlı fəaliyyətin strateji istiqamətlərinin müəyyənləşdirilməsində dövlətlərin ali rəhbərliyi səviyyəsində ardıcıl iş xüsusi rol oynayır. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin diqqəti sayəsində ticarət-iqtisadi əlaqələrin inkişafı, qarşılıqlı investisiyalar və sənaye kooperasiyası ikitərəfli gündəmdə mühüm yer tutur.
2025-ci ilin yekunlarına əsasən, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 5 milyard dollar təşkil edib. Bununla yanaşı, Stanislav Aleksandrovun vurğuladığı kimi, iki ölkənin iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur.
“Bizim məqsədimiz ayrı-ayrı kommersiya əlaqələrindən sistemli sənaye və texnoloji əməkdaşlığa keçidi təşviq etməkdir. Biz biznes əməkdaşlığının inkişafı üçün xüsusilə kiçik və orta müəssisələrin bu prosesə cəlb edilməsində böyük potensial görürük. Məhz bu müəssisələr çox vaxt unikal kompetensiyalara, çevikliyə və innovativ həllərə malik olurlar, lakin yeni bazarlara çıxış və iri beynəlxalq layihələrdə iştirak zamanı müəyyən çətinliklərlə üzləşirlər. Bu baxımdan Caspian Business Hub kimi təşəbbüslər xüsusi əhəmiyyət kəsb edir”, – deyə Stanislav Aleksandrov bildirib.
Caspian Business Hub-ın rəhbəri Nərmin Cəfərova təqdimat zamanı qeyd edib ki, layihə Azərbaycan və Xəzər regionunda biznesin inkişafı və layihələrin həyata keçirilməsində maraqlı olan şirkətlər üçün vahid giriş platforması kimi yaradılıb.
“Məqsədimiz peşəkar xidmətləri, yerli ekspertizanı, biznes əlaqələrini və potensial layihə imkanlarını vahid biznes mühitində birləşdirməkdir. İstəyirik ki, regiona daxil olan şirkət ayrı-ayrı konsaltinq xidmətləri toplusu deyil, bazarda fəaliyyətini təşkil etməyə, zəruri tərəfdaşları tapmağa, layihə komandası formalaşdırmağa və planlarını praktiki olaraq həyata keçirməyə kömək edən sistemə çıxış əldə etsin”, – Nərmin Cəfərova bildirib.
N.Cəfərovanın qeyd etdiyi kimi, CBH modelinin əsas fərqi layihə iştirakçıları arasında əməkdaşlığın təşkilinə yanaşmasındadır. Bu modelin əsasında zəruri kompetensiyaların erkən mərhələdə və paralel şəkildə cəlb edilməsi dayanır. Beləliklə, təşəbbüsün ilkin mərhələlərindən etibarən əsas iştirakçılar vahid iş mühitində birləşdirilir.
“Əsas iştirakçılar və mütəxəssislər layihəyə daha erkən mərhələdə cəlb olunur və paralel şəkildə çalışırlar. Tapşırıqların bir icraçıdan digərinə ardıcıl ötürülməsi əvəzinə, bütün zəruri kompetensiyaların ümumi məqsəd ətrafında birləşdirildiyi, daimi qarşılıqlı fəaliyyətə əsaslanan vahid mühit formalaşdırılır. Caspian Business Hub-da yaratmağa çalışdığımız əməkdaşlıq infrastrukturu məhz budur”, – deyə CBH rəhbəri əlavə edib.
Rəqabətqabiliyyətli məhsul və cəlbedici qiymət şirkətin beynəlxalq bazara uğurlu çıxışı üçün vacib şərtlərdir, lakin yeganə amillər deyil. Sənaye layihələrinin həyata keçirilməsi ilkin hazırlığın keyfiyyətindən, yerli bazarın tələblərinin düzgün anlaşılmasından, layihə təşkilatları ilə əməkdaşlıq imkanlarından, qurulmuş logistikadan və podratçıların etibarlılığından asılıdır. Yerli əlaqələrin və ekspertizanın olmaması çox vaxt uzunillik sahə təcrübəsinə malik şirkətlər üçün belə ciddi maneəyə çevrilir.
Bu səbəbdən kiçik və orta sənaye biznesi üçün yeni bazarda peşəkar infrastruktura çıxış əldə etmək və onu sıfırdan formalaşdırmaq məcburiyyətində qalmamaq xüsusi dəyər kəsb edir.
Bu yanaşmanın nümunələrindən biri sənaye soyutma və dövri su təchizatı sistemləri sahəsində mühəndislik həllərinin hazırlanması və tətbiqi üzrə ixtisaslaşan Rusiyanın VODEX şirkətidir. Şirkət Azərbaycanı beynəlxalq inkişaf üçün perspektivli istiqamətlərdən biri hesab edir və 2027-ci ilin əvvəlində Caspian Business Hub-ın rezidenti olmağı planlaşdırır.
“Biz ekosistemə qoşulmağın Azərbaycan və Xəzər regionunda fəaliyyətimizi sistemli şəkildə inkişaf etdirməyə imkan verəcəyinə ümid edirik. İlk mərhələdə bazar haqqında bütöv təsəvvür formalaşdırmaq, ən perspektivli sahələri və mümkün əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək bizim üçün vacibdir. Caspian Business Hub komandasının dəstəyi ilə potensial müştərilər – sənaye müəssisələri və layihə təşkilatları ilə artıq bir neçə konkret görüş keçirmişik. Növbəti mərhələdə konkret texniki məsələləri və sənaye layihələrində iştirak imkanlarını müzakirə etmək istərdik. Artıq indi peşəkar dəstəyin dəyəri bizim üçün aydındır: bu dəstək daha düşünülmüş və ardıcıl şəkildə irəliləməyə imkan verir. Biz bu işi gələcək qərarların keyfiyyətinə və bazarda uzunmüddətli fəaliyyət üçün təməlin formalaşdırılmasına investisiya kimi qiymətləndiririk”, – deyə VODEX şirkətinin baş direktoru Konstantin Balaşov bildirib.
VODEX üçün CBH-də iştirak yeni bazara çıxışı sistemli şəkildə hazırlamaq imkanı yaradırsa, rezervuar həlləri və müvafiq infrastruktur sahəsində fəaliyyət göstərən digər Rusiya şirkəti – KVOiT Qrupu Hub ilə əməkdaşlıq təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb.
Şirkətin baş direktoru İlya Qorbunovun sözlərinə görə, Azərbaycanda fəaliyyət imkanlarını nəzərdən keçirərkən şirkət üçün yeni biznes əlaqələri tapmaqla yanaşı, yerli bazarın xüsusiyyətlərini anlayan, real məsələlərin həllinə qoşulmağa və birgə işin təşkilində iştirak etməyə hazır olan tərəfdaş tapmaq prinsipial əhəmiyyət daşıyıb.
“Caspian Business Hub-ın dəstəyi ilə Azərbaycanda tərəfdaş tapdıq. Hub komandası əlaqələrin qurulmasına və əməkdaşlığın təşkilinə kömək etdi. Tanışlıq konkret əməkdaşlıq imkanlarının müzakirəsinə, daha sonra isə birgə fəaliyyət haqqında razılaşmaya çevrildi. Bu gün əməkdaşlığımızın konkret nəticəsi var: Azərbaycan tərəfdaşı ilə birlikdə sənaye layihəsi üzrə tenderdə iştirak edirik. Beləliklə, CBH ilkin əlaqədən birgə əməkdaşlığın inkişafında praktiki addıma keçməyimizə kömək etdi. Məncə, bu cür ekosistemin əsas dəyəri potensial imkanla konkret birgə fəaliyyət arasındakı məsafəni azaltmasındadır”, – deyə KVOiT Qrupunun baş direktoru İlya Qorbunov vurğulayıb.
Şirkətlərin təcrübəsi göstərir ki, yeni bazara uğurlu çıxış üçün yalnız müqavilə əldə etmək perspektivləri deyil, həm də biznes mühiti haqqında etibarlı məlumatlara, yerli kompetensiyalara və peşəkar əlaqələrə çıxış vacibdir. Yerli tərəfdaşlarla əməkdaşlıq sifarişçilərin tələblərini, rəqabət şəraitini, layihələrin həyata keçirilməsinin xüsusiyyətlərini və biznes aparılması təcrübəsini daha yaxşı anlamağa imkan verir. Bu bilikləri açıq mənbələrdən tam əldə etmək mümkün deyil; onlar birbaşa peşəkar ünsiyyət və birgə fəaliyyət prosesində formalaşır.
Caspian Business Hub beynəlxalq inkişaf üçün məhz belə əməkdaşlıq və dəstək mühiti yaratmağı hədəfləyir – bazarla ilkin tanışlıqdan və tərəfdaşların axtarışından layihə komandalarının formalaşdırılmasına və birgə təşəbbüslərin həyata keçirilməsinə qədər. Əsas məqsəd beynəlxalq əməkdaşlıq potensialını Xəzər regionu biznesi üçün konkret iqtisadi və sənaye nəticələrinə çevirməkdir.
1 mənbə
