Çarls Barkli "Klivlend"in heyətini sərt tənqid edib


Basketbolun canlı əfsanələrindən Çarls Barkli "Klivlend Kavalers"in hazırkı vəziyyətini kəskin şəkildə tənqid edib. O bildirib ki, klub rəhbərliyi yayda ciddi dəyişikliklərə getməli idi və məşqçilər heyəti hücumda rolların bölgüsünü yenidən nəzərdən keçirməlidir.
Offsideplus.az xəbər verir ki, Barkli "Klivlend"in artıq bir neçə ildir eyni problemlərlə üzləşdiyini vurğulayıb: "Dostlar, 'Kavs' zəif komandadır. Artıq üç ildir eyni mənzərəni görürük: bir neçə il əvvəl birinci oldular, meydança üstünlüyü qazandılar, amma tez mübarizəni dayandırdılar. Keçən il 22 xal fərqlə öndə idilər, sonra isə bir oyun belə qazana bilmədilər. Eyni heyəti yenidən toplamaq ağılsızlıqdır, nəticənin dəyişəcəyini düşünmək isə daha da absurddur. Onlar bu heyəti yayda dağıtmalı idilər. Donovan Mitçell ən yaxşı oyunçudur və ona tam sərbəstlik verilməlidir. İkinci və üçüncü əsas seçim kimi isə Evan Mobli və Carrett Allen istifadə olunmalıdır. Mobli yüngül forvardlara qarşı əla müdafiə edir, Allen isə meydançada çox iş görə bilər. Amma bu iki oyunçuya top çatdırılmır, onların potensialı tam istifadə olunmur. Statistika da bunu göstərir: bir oyunda 20, 25, 26 xal toplayırlar, növbəti oyunda isə 10 və ya cəmi 3 xal. Bu iki gənc çox istedadlıdır. Donovan, sən istədiyin vaxt şüt ata bilərsən. Qalanlara isə məşqçi deməlidir ki, liderlərə yaşıl işıq yanır, digərlərinə isə ya sarı, ya da qırmızı. Hər fürsətdə top atmaq olmaz".
