BYD-yə Avropada ŞOK QADAĞA: İdxal və satışı DAYANDIRILDI


Niderlandın Haaqa Rayon Məhkəməsi Çinin BYD şirkətinin “Ti7” SUV modelinin Avropa İttifaqında idxalını, istehsalını və satışını qadağan edib.
NOCOMMENT.az xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb modelin “Land Rover Defender” avtomobilinin qeydiyyatdan keçmiş dizayn hüquqlarını pozması ilə bağlıdır.
“Jaguar Land Rover” (JLR) şirkəti “Ti7” modelinin “Defender”in dizaynını təqlid etdiyini əsas gətirərək məhkəməyə müraciət edib.
Məhkəmə qərarında avtomobillərin kuzovunun bucaqlı forması, düz dam xətti, şaquli pəncərələri, arxa qapıdakı ehtiyat təkər və C-sütun paneli kimi elementlər arasındakı oxşarlıqların alıcılarda eyni ümumi təəssürat yarada biləcəyini bildirib. BYD-nin ayrı-ayrı detallardakı fərqlərə əsaslanan müdafiəsi isə məhkəmə tərəfindən yetərli hesab edilməyib.
Müvəqqəti qadağa rəsmi bildirişin çatdırılmasından bir həftə sonra qüvvəyə minəcək. Qərar BYD-nin gələn ilin əvvəlində kütləvi istehsala başlamağı planlaşdırdığı Macarıstandakı zavoduna da şamil olunur.
Qərarın pozulması halında BYD-ni hər gecikmə gününə görə 100 min avro və ya hər pozuntuya görə 25 min avro olmaqla, ümumilikdə 10 milyon avroyadək cərimə gözləyir.
BYD isə “Ti7” modelinin müstəqil dizayn əsasında hazırlandığını bildirərək qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb. Bununla belə, məhkəmə prosesi davam etdiyi müddətdə Avropa İttifaqında qadağa qüvvədə qalacaq.
JLR əsas iddiasını altı ay ərzində qaldırmalıdır. Məhkəmə BYD-nin Böyük Britaniyadakı törəmə müəssisəsi üzərində yurisdiksiyasının olmadığını əsas gətirərək bu ölkədə satışın qadağan edilməsi tələbini rədd edib. Böyük Britaniyada “Ti7” modelinin çatdırılmasına 2027-ci ilin yanvarında başlanması planlaşdırılır.