BVF Cənubi Koreyanın iqtisadi artım proqnozunu yüksəldib


Beynəlxalq Valyuta Fondu (BVF) Cənubi Koreya iqtisadiyyatının 2026-cı il üzrə artım proqnozunu yüksəldib.
Xitab24.az Yonhap agentliyinə istinadən xəbər verir ki, qurum ölkə iqtisadiyyatının bu il 3,9 faiz böyüyəcəyini gözləyir. Bu, BVF-nin ötən ay açıqladığı 3,3 faizlik proqnozdan 0,6 faiz bəndi yüksəkdir.
Yeni proqnoz BVF-nin Korinn Deleşanın rəhbərlik etdiyi nümayəndə heyətinin Cənubi Koreyanın iqtisadi və maliyyə qurumları ilə iki həftəlik məsləhətləşmələrindən sonra açıqlanıb.
Fondun qiymətləndirməsinə görə, iqtisadi artımın sürətlənməsində yarımkeçirici sənayesinin inkişafı və süni intellekt texnologiyalarına qlobal tələbatın artması mühüm rol oynayır.
BVF 2027-ci ildə də Cənubi Koreya iqtisadiyyatının 3,3 faiz artacağını proqnozlaşdırır.
Qurumun hesablamalarına əsasən, ölkədə inflyasiya 2026-cı ildə 2,7 faiz, 2027-ci ildə isə 2,3 faiz təşkil edə bilər.
Bununla yanaşı, BVF iqtisadi artımın müsbət təsirlərinin hələlik əsasən texnologiya sektorunda cəmləşdiyini bildirib. Fond əhalinin yaşlanması, regional iqtisadi fərqlər və məhsuldarlıq problemlərinin aradan qaldırılmasını tövsiyə edib.
