"Büdcə qənaəti iqtisadiyyatı öldürür" – Natiq Cəfərov


“Azərbaycanda iqtisadi aktivliyin mühərriki həmişə büdcə xərcləri olub. Büdcə xərcləri həmişə aktivliyi stimullaşdırıb, əlavə dəyər yaratmağa kömək edib, ÜDM artımının əsas drayveri olub. Bu modeli dəyişmədən büdcə qənaəti rejiminə keçmək çox böyük yanlış olmaqla, iqtisadiyyatda müşahidə olunan süstlüyün əsas səbəblərindən biridir”.
Bu fikirlər iqtisadçı-ekspert Natiq Cəfərova məxsusdur. O bildirib ki, büdcə xərcləri lazım oldu-olmadı azaldılır, qənaət və büdcəyə daha çox vəsait cəlbi hökumətin əsas hədəfinə çevrilib. Bu isə ÜDM-nin artım tempini, iqtisadi aktivliyi azaldır, paralel olaraq da insanların gəlirləri aşağı düşür.
2026-cı ilin yanvar–oktyabr ayları üzrə Azərbaycanın dövlət büdcəsində 4 milyard 808,2 milyon manat profisit (büdcə artıqlığı) yaranıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,3% çoxdur. Bu dövrdə büdcə gəlirləri 33 milyard 569,6 milyon manat, büdcə xərcləri isə 28 milyard 761,4 milyon manat təşkil edib.
- Maliyyə Nazirliyi bu il qəribə bir praktikaya əl ataraq, xəzinədə yaranan profisiti, yəni “qənaət etdiyi” vəsaitin bir qismini banklara depozitə qoydu. Yəni, hökumət vergi-rüsum-cərimə artımı ilə yığdığını xərcləmir, iqtisadiyyata buraxmır ki, əlavə dəyər yaranması sürətlənsin, iqtisadiyyat canlansın,- ekspert vurğulayıb.
Onun sözlərinə görə, hökumət ən kiçik, məsələn, 10 mln. manatlıq layihəyə pul ayrırsa, bunun multiplikativ effekti olur: “Həmin 10 mln. manata məktəb tikilirsə, daş, qum, sement, armatur və s. istehsal edən, daşıyan qazanır. Daşıyanda “KAMAZ” xarab olur və ya təkəri deşilir - təmir edən, təkər yamayan qazanır, sürücü yolda acır, kafeyə gedib piti yeyir - kafe də qazanır. Məktəbi tikən usta, fəhlə maaş alır – qazanır. Bu qədər insan qazandığı pula ərzaq alır - ərzaq satan qazanır, ərzağı gətirən, və ya istehsal edən qazanır. Sonra gedir uşağına ayaqqabı alır – ayaqqabı satan, gətirən, istehsal edən qazanır. Evinə təzə TV alır – tv satan, gətirən qazanır. Bu da iqtisadi canlanma yaradan faktor olur”.